Cəmiyyət

Səhnədə bıçaqlandı, diskotekanı Azərbaycana gətirdi – Niyaməddin Musayev haqqında faktlar – FOTO

Sharing is caring!

Kulis.az Xalq artisti Niyaməddin Musayev haqqında maraqlı faktları təqdim edir.

Niyaməddin Cabbar oğlu Musayev 1940-cı il iyunun 1-də İmişli rayonunda anadan olub. 1957-ci ildən, yəni 17 yaşından səhnəyə çıxmağa, mahnılar ifa etməyə başlayıb.

Gənc yaşlarında Rayon Mədəniyyət Evində metodist və incəsənət məsləhətçisi işləyib. 1966-cı ildə ilk dəfə Ə.Bakıxanovun rəhbərliyi ilə xalq çalğı alətləri ansamblında bir neçə mahnısı radio fonotekasına yazılıb. 1968-ci ildə “Muğam-68” festivalının qalibi olub.

1978-ci ildən “Röya” vokal instrumental ansamblının bədii rəhbəri olan Niyaməddin Musayev, Azərbaycanda milli estrada janrının əsasını qoyub və həmin il ansamblın bir valı buraxılıb.

1987-ci ildə müğənni Məmməd Arazın sözlərinə yazdığı “Dünya sənin, dünya mənim” adlı mahnını ifa edib. Bu ifa ona böyük şöhrət gətirib.

Xalq artistinin bir evliliyi olub. Bu evlilikdən onun Röya, Günel, Orxan adlı övladları dünyaya gəlib. Röya və Günel ingilis dili müəllimi, oğlu Orxan isə gömrükdə işləyir, mayordur.

Çoxları bilmir ki, Niyaməddin Musayev yoqa ilə məşğul olub. Hətta efirlərin birində müğənni Roza Zərgərli Xalq artistindən idman zamanı istifadə etdiyi hərəkətləri nümayiş etdirməsini xahiş edib. Sənətçi onun bu istəyinə etiraz etməyib və səhnəyə çıxaraq yoqa hərəkətləri göstərib.

Bir neçə il əvvəl Xalq artistinin Türkan adlı bir xanım müğənni ilə fotoları mediada yayılıb. Çoxu bu xanımı müğənninin sevgilisi kimi təqdim etsə də, Niyaməddin Musayev məsələyə aydınlıq gətirərək deyib:

“O mənim nə tələbəm idi, nə də bir şeyim. O da konsertlərdə iştirak edirdi. Türkan gənc müğənnidir. Buradakı bəzi binamus adamlar götürüb o şəkli hallandırıblar. Harada gic-gic qalmaqalçılar var, özlərini göstərmək üçün yazırlar. Mənim təbiətimdə olan adama belə məsələlər çox pis təsir edir. Nə olsun ki, musiqiçiyəm. Hər sahədə hər cür insanlar var. O qız da müğənnidir”.

Niyaməddin Musayevlə bağlı xeyli lətifələr və zarafatlar insanlar arasında yayılıb. Bunlardan ən maraqlısı insanların onu 100 dollarlıq ABŞ əsginasının üzərindəki Bencamin Franklinlə müqayisəsi olub. Bu barədə Niyaməddin müəllimə sual verəndə deyib:

“İndi məni yüz dolların üstündəki kişiyə bənzədirlər. Bundan incimirəm. Hamısı xalqın sevgisidir. Onlar sevgilərini müxtəlif yanaşmalarla göstərirlər”.

2019-cu ildə müğənni haqqında yayılan ən xoşagəlməz şayiələrdən biri onun ölüm xəbəri olub. Bu barədə xəbərlər sosial şəbəkələrdə yayılandan sonra müğənninin yaxınları xəbərin yalan olduğunu və bu kimi xəbərlərin sənətçinin səhhətinə pis təsir göstərdiyini açıqlayıblar.

Çoxları bilmir ki, Niyaməddin Musayev 1986-cı ildə Gəncədə konsert verərkən, hər kəsin gözü önündə bıçaqlanıb. İddialara görə, sənətçini bıçaqlayan onun fanatlarından biri olub. Konsert zamanı həmin fanatı ona gül verərkən, gül buketinin içindən bıçağı çıxararaq sənətçinin boğazına və qarın nahiyəsinə zərbələr endirib. Hadisənin hansı səbəbdən baş verdiyi bu günə qədər məlum deyil. Sənətçiyə hadisə ilə bağlı sual verdikdə isə bu barədə danışmaq istəmədiyini bildirib. Həmin vaxt ağır yaralanan sənətçinin vəziyyəti yaxşı olmadığı üçün Moskvaya aparılıb və orada müalicə olunub.

O, 1974-cü ildə sözləri və musiqisi Bəhram Nəsibova aid olan “Şahnaz təsnifi” (“Deyin haradadır”) mahnısı ilə sənət aləmində daha çox tanınıb.

Niyaməddin Musayev məşhur gitara ifaçısı Bəhram Nəsibovla vaxtilə çox yaxın dost olub. Bir evdə kirayədə qalıblar, mahnılar yazdırıblar. Ancaq nədənsə bəstəkarın ölümündən sonra Niyaməddin müəllim Şahnaz təsnifinin sözlərinin Bəhram Nəsibova yox, başqa adama aid olduğunu qeyd edib.

Bu fikirlər isə Bəhram müəllimin ailəsi tərəfindən xoş qarşılanmayıb. Bəhram Nəsibovun oğlu Adilin sözlərinə görə, Niyaməddin Musayev onun atasının mahnılarını oğurlayaraq öz adına çıxarıb:

“2008-ci ildə Niyaməddin çıxıb dedi ki, “Gecələr” mahnısı mənimdir. Aləm dəydi bir-birinə. Hamı dedi ki, Bəhram Nəsibov bu mahnını ondan oğurlayıb. Bununla bağlı verilişə çağırdılar bizi. Niyaməddin gəlmədi, qaçıb gizləndi. Ömrünün son günlərində atam Şamo İsayev ilə Niyaməddin Musayevi görmək istəyirdi. Heç biri gəlmədi. Əbəs yerə deməyiblər, düşmənin ən böyük hiyləsi dost olmasıdır”.

Məşhurluğunun pik nöqtəsində çoxsaylı sevgi məktubu alan Niyaməddin Musayev özünü Azərbaycanda diskotekanın əsasını qoyan ilk musiqiçi hesab edir.

O, 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb və 2000-ci ildə “Şöhrət”, 2020-ci ildə “2-ci dərəcəli Əmək” ordenləri ilə təltif olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir