Cəmiyyət

TƏBİB-dən Xaçmaz RMX-dən şikayətçi olan vətəndaşla bağlı AÇIQLAMA

Sharing is caring!


Vətəndaş Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından şikayətçidir.

Bu barədə Oxu.Az-a Tural Əsgərzadə məlumat verib.

O bildirib ki, anası 1967-ci il təvəllüdlü Nailə Qurbanəli qızı Əsgərzadə noyabrın 3-də bağırsaqda çat olduğu deyilərək əməliyyata alınıb:

“Anam əməliyyat olunduqdan sonra noyabrın 5-də hərarəti oldu. Həkimə əməliyyatdan sonra bu cür qızdırma olub-olmadığını sual verdik. Səbəbi nədir deyə soruşduq, amma həkim – “normaldır”, – dedi. Anamı əməliyyat edən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının həkim cərrahı Pirəli Rəhimov olub. Elə o da deyib ki, əməliyyatdan sonra belə hal normaldır. Lakin anamda irinli iltihab başlayıb. Yara irinləyir və bunun qarşısını ala bilmirlər. Məsələdən xəstəxananın baş həkimi Afiq Niyazov da məlumatlıdır”.

Xəstənin oğlu iddia edir ki, xəstəxana kağızlarında noyabrın dördündən anama antibiotik müalicəsi aparıldığı yazılsa da, ona heç bir antibiotik vurulmayıb:

“Qardaşım xəstəxanada anamı ziyarət edəndə, həkim Pirəli Rəhimovla tibb bacısının söhbətinə şahid olub. Orada həkim tibb bacısından xəstə N.Əsgərzadəyə antibiotik vurulub-vurulmadığını soruşub. Tibb bacısı isə – “xeyr, yadımızdan çıxıb”, – cavabını verib. Hazırda xəstənin vəziyyəti kritikdir. Xəstəxana ayın 3-dən bu günə qədər 708 manat və əlavə olaraq 38 manat xərc yazıb. Mən usta adamam, o qədər imkanımız da yoxdur. Anamın vəziyyəti yaxşı deyil, bu qədər pulu biz nə üçün ödəyirik onda? Bununla bağlı həkimə müraciət etsək də, bizə konkret cavab verən olmur. Hətta deyilir ki, xoşunuza gəlmir xəstəni hara istəsəniz, apara bilərsiniz. Mən anamı bu cür irinli iltihab ola-ola hara aparım?”

Məsələ ilə bağlı TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1967-ci il təvəllüdlü Xudat şəhər sakini Nailə Qurbanəli qızı Əsgərzadə 03.11.2023-cü il tarixdə saat 20 radələrində Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə müraciət edib:

“N.Əsgərzadə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına müraciət edənədək Quba şəhərində özəl klinikada MRT müayinəsindən keçib və ona təcili cərrahi əməliyyat olunması tövsiyə edilib. Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsində onu növbətçi cərrah müayinə edib. Pasiyentə sağ tərəfli boğulmuş, gecikdirilmiş düz qasıq yırtığı diaqnozu qoyulub və təcili cərrahiyyə əməliyyatı edilməsi tövsiyə olunub. İran vətəndaşı olan Nailə Əsgərzadə xarici vətəndaş olduğu və o, İcbari Tibbi Sığorta çərçivəsində sığortalı hesab olunmadığı üçün xəstəxanaya qəbul edilən zaman ona və yaxınlarına izah edilib ki, aparılacaq təcili cərrahi əməliyyat və sonrakı müalicə ödənişli əsaslarla olacaq. Onlar da razılaşıblar. 

Pasiyent 03.11.2023-cü il tarixdə saat 20:30-da cərrahi əməliyyat olunub. Əməliyyat zamanı boğulmuş kor bağırsaqda anatomik dəyişikliklərin olması müəyyən edilib. Bağırsağın divarları şişkin, ödemli və rəngi tünd olub. Əməliyyat zamanı aparılan tədbirlər nəticəsində  bağırsaq  peristaltikası bərpa olunub və bağırsaq qarın boşluğuna keçirilib. Lakin yırtıq kisəsinə yığılmış maye tutqun rəngli, kolibasilyar iyə malik olub. Ona görə də yaranın irinləməsi ehtimalı böyük olub. Əməliyyatdan sonra 3-cü sutkadan etibarən xəstənin hərarəti 38,5 dərəcəyədək yüksəlib.

Əməliyyatın 6-cı sutkasında yaranın tikişləri hissəvi sökülüb və irinli mayenin xaric olması üçün şərait yaradılıb. Pasiyentin gün ərzində 3 dəfə sarğısı olunub və əməliyyatdan sonrakı dövrdə  antibiotik dərman da daxil olmaqla bütün zəruri  dərman müalicəsini alıb. 

Hazırda pasiyentin vəziyyəti yaxşılaşıb, bağırsaqların funksiyası tam bərpa olunub, normal qidalanır və gəzir. Yaradan irinli ifrazat tamamilə azalıb. Pasiyent üçün şöbə müdiri və digər cərrahların iştirakı ilə 2 dəfə konsilium keçirilib, əlavə tövsiyələr verilib”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir