Cəmiyyət

“Kəpəz” futbolçularının dönərxana qarşısında növbəyə düzülməsi narazılıq yaratdı – AÇIQLAMA + VİDEO

Sharing is caring!


Sosial şəbəkələrdə Gəncənin “Kəpəz” klubunun oyunçularının dönərxana qarşısında növbəyə durmasının görüntüləri yayılıb. Təbii ki, bu görüntülər hər kəsin narazılığına səbəb olub. Çünki, idmançılar üçün qidalanma vacib amildir. “Harda gəldi, nə gəldi” qəbul edən idmançı yüksək performans göstərə bilməz.

Təsadüfi deyil ki, Gəncə komandası da Azərbaycan Premyer Liqasında sonuncu yerdə qərarlaşıb.

Nəzərə alaq ki, ötən həftə komandanın çalışdırıcısı istefaya göndərilib. Komanda hələlik yeni məşqçi ilə bağlı hazırlıqlarını davam etdirir. Lakin bütün hallarda fastfudla qidalanan oyunçudan yüksək ustalıq və uğur gözləmək ağılsızlıq olardı. Hər bir idmançı normal məşq etdiyi kimi normal karbohidrat və zülalla qidalanmalıdır.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova gördüklərindən təəssüfləndiyini bildirib:

“İdmançı deyəndə gözümüzün önünə sağlam insan obrazı gəlir. Əlbəttə ki, bu insanlar gündəlik qidalanmaya və sağlam həyat tərzinə diqqət etməlidirlər. Hətta yarışdan öncə onların qidalanması fərqli şəkildə olur.

Bu qidalanmanın əsasını karbohidrat, xüsusən protein, zülal mənşəli keyfiyyətli yağlar, vitamin və minerallar təşkil edir. İdmançılar sənaye üsulu ilə hazırlanmış qidalardan uzaq durmalıdırlar. Yalnız bu zaman bədənin fiziki sağlamlığı təmin edilmiş olur.

İdmançılar qızartmalardan uzaq qaçmalıdırlar. Xüsusən də mənşəyi bəlli olmayan fastfud qidalar var ki, bunlar birmənalı şəkildə bütün insanlara zərərlidir. Bu cür qidalar idmançının idman performansını aşağı salan faktorlardan biridir. Çünki, bu qidaların tərkibində həddindən çox işlənmiş ət məhsulları var. Yəni ət bir neçə dəfə isidilir və yaxud çox qızardılır.

Bu da insanların müxtəlif xəstəliklərə yoluxmasına səbəb olur.

Bu qidaların tərkibindəki doymuş yağlar ürək-damar sistemində tıxanıqlıq yaradır, oynaqlarda yığılıb qalır. Beləcə, insanlar enerji itkisinə məruz qalır və özlərini çox yorğun və əsəbi hiss edirlər. Fastfud, hamburger, dönər, yağda və sobada qızardılmış qidalar bu mənada çox təhlükəlidir. Bura yağda qızardılmış un məmulatlarını da aid etmək olar. Çünki bəzən günlərlə həmin yağlar dəyişdirilmir və yaxud hazırlanma prosesində sanitar-gigiyena qaydalarına əməl olunmur”.

Məhsəti Hüseynova onu da qeyd etdi ki, anormal qidalanma idmançının sağlamlığının pozulmasına gətirib çıxarır:

“Bu da idmançının hər zaman yüksək performans göstərməsinə əngəl olur. Orqanizm zəif olanda idmançının zədələri də gec sağalır. Qazlı və rəngli içkilər də idmançılar üçün zərərlidir. Çünki, həmin suların tərkibindəki kimyəvi qatqılar beynin funksiyasını pozur, eləcə də orqanizmə lazımından artıq şəkər ötürülür. Rafinə olunmuş şəkərin ziyanı isə ikiqat çox olur.

İdmançılar yaxşı olar ki, meydançaya çıxmamışdan əvvəl faydalı karbohidratlarla qidalansınlar. Bu siyahıya meyvələr və çərəzlər aiddir.

Təmiz buğda unundan hazırlanmış çörək məhsullarından istifadə də ziyansızdır. Bir sözlə, idmançılar zülalı keyfiyyətli ət məhsullarından, vitamin və mineralı isə mövsümi meyvə-tərəvəzdən almalıdırlar. Yarışdan əvvəl idmançılar karbohidratlarla, yarışdan sonra isə zülallarla qidalanmalıdırlar”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir