Cəmiyyət

Azərbaycana narkotik keçirməyə cəhddə təqsirləndirilən İran vətəndaşına hökm oxundu

Sharing is caring!


İrandan Azərbaycana 23 kiloqrama yaxın narkotik vasitə keçirməyə cəhd etməkdə təqsirləndirilən İran vətəndaşı Rezai Murtuzaya hökm oxunub.

“Report” xəbər verir ki, hökm Lənkəran Ağır Cinayətlər məhkəməsində Əli Abdullayevin sədrlik etdiyi məhkəmə iclasında elan olunub.

Hökmə əsasən, Rezai Murtuza 10 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, R.Murtuza istintaqa məlum olmayan bir qrup şəxslə İrandan Azərbaycana narkotik vasitə keçirməkdə təqsirləndirilib. Digər dəstə üzvləri qaçsa da, onu sərhəd naryadı saxlayıb. Hadisə yerinə baxış zamanı onlara məxsus üç ədəd bağlamada 23 kiloqrama yaxın narkotik vasitə (marixuana) aşkar olunaraq götürülüb.

Qeyd edək ki, hadisə bu il yanvar ayının 15-də olub. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, sərhəd naryadı tərəfindən termal videomüşahidə kamerası vasitəsilə üç nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.

Sərhəd naryadı silahdan xəbərdarlıq atəşi açıb, keçirilən əməliyyat zamanı İran vətəndaşı Rezai Murtuza saxlanılsa da, digər dəstə üzvləri qaçıb.

Ona qarşı Cinayət Məcəlləsinin 318.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə), 206.3.2 (qaçaqmalçılıq), 234.4.1, 234.4.3 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını əldə etmə, saxlama) maddələri ilə ittiham irəli sürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir