Dünya

Rusiya və Belarusun birləşməsi, yoxsa Ukraynaya rəsmi müharibə elanı? – Andreas Umlandın ŞƏRHİ

Sharing is caring!

“Formal olaraq Rusiya ilə Belarus arasında 1999-cu ildə imzalanmış İttifaq dövlətinin yaradılması haqqında saziş var. Müqavilə ratifikasiya olunub, ona görə də bu, sadəcə, bəyannamə deyil. Bunu nəzərə alsaq, çox güman ki, Rusiya və Belarusun “tarixi birləşməsi”, ya buna bənzər nəsə elan edilə bilər”.

Bunu Stokholm Şərqi Avropanın Öyrənilməsi Mərkəzinin analitiki, alman politoloq Andreas Umland fevralın 21-də Kreml rəhbəri Vladimir Putinin Federal Məclisdə gözlənilən çıxışına, həmçinin ekspertlərin həmin tarixdə Rusiya və Belarusun “tarixi birləşməsi” məsələsinin həll oluna biləcəyi barədə proqnozunu Oxu.Az-a şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu, Rusiya ictimaiyyətinin diqqətini Ukraynadakı uğursuzluqlardan yayındırmaq və imperiya planlarının uğursuzluğunu Belarusla birləşmənin elanı ilə kompensasiya etmək üçün manevr ola bilər.

“Bu istisna edilmir, amma yenə də etibarlı məlumat yoxdur. Bu, bilərəkdən dezinformasiya ola bilər, amma Putinin mesajında ​​başqa şeydən danışılacaq. Ukrayna haqqında yeni nəsə deyəcəyini gözləyirəm. Ola bilsin ki, rəsmi müharibə elan olunacaq – “üçüncü vətən müharibəsi” və ya buna bənzər bir şey. Amma dediyim kimi, Belarus məsələsini də istisna etmirəm”, – deyə o izah edib.

Politoloq bu halda onu daha çox, hətta indi yox, gələcəkdə olsa belə, bu birləşmənin necə olacağının maraqlandırdığını vurğulayıb:

“Bu, öz strukturuna malik yeni dövlət olacaq? İttifaq Dövlətinin prezidenti ortaya çıxacaq? Yoxsa Belarus, sadəcə, ayrı-ayrı regionlar şəklində Rusiya Federasiyasının tərkibinə daxil ediləcək?..”

Andreas Umland həmçinin Rusiyanın təcavüzünün başlanmasının ildönümü ərəfəsində səslənən fərqli bəyanatlar, nəzərəçarpacaq dərəcədə artan gərginlik və nüvə zərbələrinin mümkünlüyü ilə bağlı fikirlər fonunda “Ukrayna cəbhəsi”ndə baş verənlərə də toxunub. Onun sözlərinə görə, hazırda situasiya donmuş vəziyyətdədir.

“Bəli, Rusiya Donbasda müəyyən irəliləyişlər əldə edir, lakin bunlar o qədər də əhəmiyyətli nailiyyətlər deyil, üstəlik, Rusiya ordusunda böyük itkilərə səbəb olur. Vəziyyət bundan sonra necə inkişaf edəcək – bilmirəm. Çox şey hərbi yardımın Ukraynaya nə qədər tez çatmasından asılıdır”, – deyə ekspert əlavə edib.

Politoloq ümumiyyətlə müharibə başlayandan bəri həmişə Belarusla bağlı ssenari olduğunu vurğulayıb.

“Güman edilirdi ki, Rusiya Ukraynanı şimaldan (Belarusdan) işğal etməyə çalışacaq. Məqsəd logistika və kommunikasiya dəhlizlərini qırmaq və Kiyevi, ölkənin mərkəzini, şərq və cənub bölgələrini Avropa İttifaqı ilə əlaqədən ayırmaq, həmçinin Qərbdən gələn tədarükləri kəsmək idi, çünki praktiki olaraq hava və dəniz əlaqəsi yoxdur. Əgər belə bir şey olsaydı, Ukrayna üçün çox çətin olardı”, – deyə A.Umland sözlərini yekunlaşdırıb.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir