Cəmiyyət

Türk dünyası ölkələri ilə münasibətlərimiz dərinləşir və genişlənir

Sharing is caring!

        Prezident İlham Əliyevin cari ilin 3 noyabr tarixində Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşündə çıxışı ölkəmizdə və  dünyada maraqla qarşılanıb. Dövlət başçımız bildirib ki, türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir.

        Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində əməkdaşlıq əlaqələri müxtəlif sahələrdə təsisatlanıb. Bu gün təşkilat beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir.

        Əlaqələrin səmimiyyət dərəcəsini əks etdirən önəmli statistika. Son iki il ərzində Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfəri təşkil olunmuşdur. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da Türk dövlətlərinin birliyi amallarına sadiq qalacaq. Azərbaycanın bu istiqamətdə töhfələrindən biri də Türk Şurasının yaradılması ilə bağlı sazişin məhz ölkəmizdə imzalanmasıdır.

       Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk dövlətlərinin birliyinin, həmin ölkələrin qarşılıqlı fəaliyyətinin vacibliyini bu fikirlərlə bir daha təsdiqləyib: “Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq”.

       Türk dövlətləri arasında iqtisadi münasibətlər genişlənir. Ümumilikdə 4,8 milyon kvadratkilometr əraziyə, 1,4 trilyon ABŞ dolları dəyərində ümumi daxili məhsula və 855 milyard ABŞ dollarından çox ticarət dövriyyəsinə malik Türk dövlətləri böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Türk dövlətləri dünyanın ümumi ticarət dövriyyəsinin 2,4 faizini və qlobal ümumi daxili məhsulun 1,6 faizini təşkil edir.

        Dövlət başçısımız vurğulayıb ki, türk dövlətlərinin daha da yaxınlaşması, ölkələrimiz arasında münasibətlərin bütün sahələr üzrə daha dərinləşməsi istiqamətində Azərbaycan tərəfindən real addımlar atılır. Bu proses sözdə deyil, əməldə həyata keçirilir.

         Görüşdə Türkiyənin dövlət başçısı cənab Rəcəb Tayyib Ərdoğan da bu kimi amilləri önə sürməklə həmin məqamları xüsusilə vurğuladı və artıq qarşıda növbəti inkişaf, tərəqqi mərhələləri dayanmaqdadır. Belə ki, qardaş ölkənin rəhbəri TDT-nin əhəmiyyətinin hər anda özünü ən yüksək cəhətdən nümayiş etdirdiyini vurğulayıb və xüsusilə əldə edilən uğurlarda cənab İlham Əliyevin fəaliyyətini ayrıca olaraq dəyərləndirib.

Seyfulla Seyfullayev,

Cəlilabad rayon Abışabad kənd tam orta məktəbinin direktoru,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir