Cəmiyyət

Üçüncü Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisinin açılışı olub

Sharing is caring!


Bakı Ekspo Mərkəzində III Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisinin (“Medinex”) açılışı olub.

“Report” xəbər verir ki, açılış mərasimində səhiyyə naziri Teymur Musayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov və digər rəsmi şəxslər iştirak ediblər.

“Medinex” sərgisi yenidən sənaye mütəxəssislərinə və sahibkarlara işgüzar əlaqələri inkişaf etdirmək və yeni əlaqələr qurmaq, aktual məlumatlar mübadiləsi aparmaq və sərfəli müqavilələr bağlamaq imkanı yaradan səmərəli müstəvi rolunu oynayacaq.

Vurğulanıb ki, builki sərgilər əlamətdar bir ilə təsadüf edir. Bu il Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Sərginin təqdimat zonasında Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Tibbi İnnovasiyalar Forumu təşkil olunacaq. Bu il, həmçinin tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermiş görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümü qeyd olunur. Sərgidə bu əlamətdar hadisəyə həsr olunan oftalmologiya mövzusunda panel müzakirəsi baş tutacaq.

Sərgidə aparıcı yerli və xarici istehsalçılar və distribütorlar ölkə klinikalarının təkmilləşdirilməsinə, istehlakçıların tələblərinin ödənməsinə və müalicənin effektivliyinin artırılmasına kömək etmək üçün öz yeni məhsul və xidmətlərini təqdim edəcəklər.

Sərgiyə ümumilikdə 14 ölkədən 100 şirkət qatılıb. İştirakçı ölkələr arasında Azərbaycan, Almaniya, Belarus, Cənubi Koreya, Çin, Əlcəzair, Rusiya Federasiyası, Fransa, Qazaxıstan, Qətər, Misir, Türkiyə və s. ölkələr yer alır. Sərgi ekspozisiyası “Diamed CO”, “Arash Medical Company”, “ASMEDICAL”, “Labservis LTD”, IHG (“International Health Group”), “Biopharmax AFEZCO” kimi mühüm yerli şirkətlərlə yanaşı, müxtəlif ölkələrin ixtisaslaşmış şirkətlərini bir araya gətirəcək. Sərgidə xarici şirkətlərlə yanaşı, tibbi avadanlıqların aparıcı yerli distribütorları, qlobal istehsalçıların tərəfdaşları, eləcə də “Made in Azerbaijan” brendi altında məhsulların yerli istehsalçıları da iştirak edir.

Bu il xüsusi olaraq sərgidə Belarus və Qazaxıstan, bundan başqa, Rusiyanın müxtəlif vilayətləri – Yaroslavl, Moskva, Sverdlovsk vilayətləri, eləcə də Tatarıstan Respublikası öz kollektiv stendləri ilə çıxış edəcəklər.

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) “Medinex – 2023” sərgisinin rəsmi dəstəkçisidirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir