Cəmiyyət

Bakıda Milli Atçılıq Festivalı keçiriləcək

Sharing is caring!


Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə 5-8 noyabr 2023-cü il tarixlərdə Binə Atçılıq Mərkəzində, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunacaq Milli Atçılıq Festivalı keçiriləcək.

Festivalda yalnız milli cins atların – Qarabağ və Dilbaz atlarının iştirakı ilə Çövkən çempionatı, Cıdır yarışları və Yorğa qaçışları təşkil olunacaq.

5 Noyabr 2023-cü il saat 11:00-da qapalı manejdə festivalın təntənəli açılış mərasimi təşkil olunacaq. Həmin gün açılış mərasiminin ardınca Çövkən üzrə Dünya Çempionatının ilk üç oyunu keçiriləcək. 6 noyabr 2023-cü il tarixdə çempionatın digər üç oyunu səhər 11:00-dan etibarən oynanılacaq.

Çövkən çempionatında Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Polşa və Mərakeş milliləri iştirak edəcəklər.

7 noyabr 2023-cü il tarixdə saat 11:00-da cıdır və yorğa qaçışlarına start veriləcək. Qaçışlar Binə Atçılıq Mərkəzinin cıdır yolunda təşkil olunacaq. 6 yorğa qaçışı və 5 cıdır qaçışı olmaqla ümumilikdə 11 qaçışda iştirakçılar kuboklar uğrunda mübarizə aparacaqlar. Kubok adları işğaldan azad olunmuş 11 xüsusi ərazinin adı ilə adlandırılacaq. Günün yorğa üzrə baş yarışının kubokunun adı “Şuşa”, cıdır üzrə baş yarışının kubokunun adı isə “Xankəndi” adlandırılacaq.

8 noyabr 2023-cü il tarixdə Çövkən üzrə Dünya Çempionatının 3-cülük uğrunda və final oyunları keçiriləcək. Günün ilk oyunu saat 11:00-da başlayacaq.

Qeyd edək ki, 3 noyabr 2023-cü il tarixdə saat 12:00-da Xəyal adasında yerləşən “Dreamland Golf Hotel” mehmanxanasında mətbuat konfransı keçiriləcək. Mətbuat konfransında Dünya Çempionatının püşkatması da təşkil olunacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir