Cəmiyyət

Eldəniz Məmmədov: “Təəssüf ki, Sərdərlini qonşu kəndə köçürürlər” – AÇIQLAMA + FOTO

Sharing is caring!


Müğənni Eldəniz Məmmədov dünyaya gəldiyi Füzuli şəhərinə yollanıb. Doğma torpağını ziyarət edən sənətçi Sərdərli kəndində dağılmış evinin qarşısında çəkilən fotosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Muğam ifaçısının paylaşımındakı “Füzuli rayon Sərdərli kəndi, doğulduğum ev” sözləri izləyiciləri tərəfindən maraqla qarşılanıb.

Oxu.Az-ın əməkdaşı muğam ifaçısı Eldəniz Məmmədov ilə danışıb. Xanəndə səfəri ilə bağlı maraqlı təəssüratlarından söz açıb.

E.Məmmədov Sərdərlinin qonşu kəndə köçürüldüyünü qeyd edib:

“Bizim kəndi başqa kəndə köçürdürlər. Bir qədər bu məsələyə görə, narahatıq. İcazə versələr hamı kimi biz də öz həyətimizdə ev tikərdik. Qonşu kəndə köçürülür. Yəqin ki, belə məsləhətdir.

Bizim kəndin çox böyük tarixi var. Çox böyük alimlər, milli qəhrəmanlar yetişdirib. Təəssüf ki, belə qərar verilib. Kəndimiz öz yerində bərpa edilsəydi, daha uyğun olardı”.

Xanəndə doğma yurdunu ziyarət etməsinin çox qürurverici hiss olduğunu vurğulayıb:

“Torpaqlarımızın düşmən tapdağından azad edilməsi hamı kimi məni də çox sevindirir. Çox fərəh hissi keçirirəm. Torpaqlarımız 30 il ərzində 30 saniyə belə mənim yadımdan çıxmayıb. Çünki ən gözəl illərimiz o torpaqlarda keçib. Şükürlər olsun ki, Qarabağımız bu gün tam azaddır. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzu edirəm. Allah qələbəni bizdən heç vaxt əskik etməsin.

Təbii ki, qələbə həmişə bizimlədir. Artıq biz çox qüvvətli bir dövlətik. Türkiyə dövləti ilə olan qardaşlığımızı da Allah həmişə var etsin”.

Eldəniz Məmmədov sonda yeni layihələr üzərində çalışdığını əlavə edib:

“Yeni mahnılar yazdırıram. Yeni işlərimiz var. Sırf öz sənətimlə məşğulam”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir