Cəmiyyət

Şəmkirdə gəlinini güllələyib öldürən qaynata istintaq dövründə vəfat etdi

Sharing is caring!


Şəmkir rayonunun Yeni Həyat qəsəbəsində gəlini Səma Qasımovanı ov tüfəngindən atəş açaraq öldürməkdə təqsirləndirilən qayınatası Sahib Həsənov istintaq dövründə vəfat edib.

“Report” xəbər verir ki, dünyasını dəyişdiyi üçün onun gəlinini öldürməsi ilə bağlı məhkəmə işinə xitam verilib.

Bu barədə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında qərar verilib.

Belə ki, 1985-ci il təvəllüdlü gəlini Səma Qasımovanı öldürməkdə təqsirləndirilən 1959-cu il təvəllüdlü mərhum Sahib Həsənov oğlu Nicat Həsənovla aralarında ailə-məişət zəminində münaqişə olub. Hadisə baş verən gün oğlu Nicat Həsənovun evdə dolabdakı qabları qıraraq səs-küy saldığını eşidib. O, oğlundan səs-küyün və qab-qacaqları sındırmasının səbəbini soruşub. S.Həsənov həmin vaxt həddən artıq spirtli içki qəbul etdiyi üçün hadisənin nə üstündə və necə baş verməsini, eləcə də mübahisə zamanı onun oğluna, oğlunun da ona nə deməsini xatırlaya bilməyib. Lakin oğlu Nicatla aralarında mübahisənin gərginləşməsi və dava-dalaş həddinə çatması yadında olub. Oğlu Nicatla dava edən zaman ona qarşı daha da aqressiv hərəkətlər etməyə başlayıb. O, Nicatı sakitləşməsi üçün xəbərdar etsə də, Nicat onu eşitməyib. O, evdə olan qoşalüləli ov tüfəngini götürüb oğlu Nicata tərəf atəş açarkən gəlini Səma özünü tüfəngin qabağına atıb. Hadisə nəticəsində Səma Həsənova dünyasını dəyişib.

Sahib Həsənov hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 29, 120.2.4 (xüsusi amansızlıqla adam öldürməyə cəhd), 29, 120.2.7(iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

O, bu il Penitensiar Xidmətin müalicə müəssisəsində “sol aşağı ətrafın diz nahiyəsinin irinləyən yarası, fleqmona, septiki toksiki şok” diaqnozu ilə dünyasını dəyişib.

Qeyd edək ki, hadisə 7 avqust 2021-ci ildə Şəmkir rayonunun Yeni Həyat qəsəbəsində baş verib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir