Cəmiyyət

Əmircanlılar Eldar Əzizovdan məscidin təmirini xahiş etdilər – FOTO

Sharing is caring!


Prezident İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsinə dair tapşırığına uyğun olaraq, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Suraxanı rayonu Əmircan qəsəbəsinin sakinləri ilə görüşü keçirilib.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, qəsəbə sakinlərinin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə təşkil olunan və 400-ə qədər Əmircan sakininin iştirak etdiyi görüşdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə yanaşı Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Bakı şəhərinin və Suraxanı rayonunun təsərrüfat və digər xidmət sahələrinin rəhbərləri zala toplaşanların müraciət və təkliflərini dinləyiblər.

Görüşdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu gün biz böyük hadisələrin şahidi olaraq sevincli günlər yaşayır. Biz Şanlı Qələbə qazanaraq öz torpaqlarımızı azad etmişik. Xankəndi şəhərində ölkəmizin dövlət bayrağı ucaldılıb. Bütün bunlar ölkə başçısı İlham Əliyevin dahi intellekti və müdrik siyasətinin nəticəsidir ki, onların da kökündə tarixdə şəxsiyyət faktoru, İlham Əliyev fenomeni dayanır.

Görüş zamanı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilən torpaqların bərpası və inkişafı istiqamətində gördükləri işlər xüsusi vurğulanıb.

Sonra Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Əmircan qəsəbəsi üzrə nümayəndəsi Əlixan Əliyev qəsəbədə görülmüş işlərlə bağlı hesabat verib.

Görüşdə 30-dan çox qəsəbə sakininin çıxış və müraciəti dinlənilib, onlar son vaxtlarda Bakı şəhərində və eyni zamanda, Əmircan qəsəbəsində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək ifadə ediblər.

Müraciətlər əsasən fərdi yaşayış evlərinin sənədləşdirilməsi, Murtuza Muxtarov məscidinin əsaslı təmir edilməsi, qəsəbədə su və kanalizasiya xətlərinin yenilənməsi, məhəllədaxili yolların təmiri və işıqlandırılması, məşğulluq, yeni avtobus xəttinin açılması, qəzalı binaların və dam örtüyünün təmiri və s. olub.

Görüş zamanı bəzi müraciətlər yerində həll edilib, sakinlərin digər müraciət və təklifləri ilə bağlı müvafiq tapşırıqlar verilib, bütün müraciət və təkliflər nəzarətə götürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir