Cəmiyyət

Dövlət büdcəsi hesabına belə zay məhsul kimə lazımdır?

Sharing is caring!


“Əbədi iztirab”a baxanda adamın bədii-estetik zövqü iztirab çəkir”.

Oxu.Az Sevda Sultanovanın yazısını təqdim edir:

1990-cı illərin ortaları, 2000-ci illərin əvvəlləri Azərbaycanda qeyri-hökumət təşkilatları sektorunun formalaşmağa başladığı dövrdə, adını unutduğum bir qəzetdə “Kapitan Qrantın uşaqları” adlı yazı yayımlanmışdı. Jül Vernin məşhur romanının adına istinad edən yazının başlığı təbii ki, məcazi məna daşıyırdı. Söhbət qrant alıb cəmiyyət üçün faydalı iş görməyən, sadəcə fəaliyyət görüntüsü yaradan təşkilatlardan gedirdi. QHT-lər cəmiyyətin müxtəlif qatlarında problemləri önə çəkmək, problemləri aşkarlamaq, onların həllində dövlətə, vətəndaş cəmiyyətinə yardım etmək üçün mövcuddur.

Bəs Azərbaycanda fəaliyyət göstərən QHT-lərin səmərəsi nədən ibarətdir və onlar nə qədər funksionaldır?

Kinotənqidçi olduğuma görə, mənə daha çox QHT-lərin müxtəlif mövzularda çəkdikləri filmlərin keyfiyyəti maraqlıdır. Ara-sıra internet resurslarında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ayırdığı qrantlarla QHT-lərin çəkdiyi filmlərin təqdimatı və ya istehsal prosesi barədə məlumatla rastlaşıram. Bir neçə ay əvvəl saytlarda “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əbədi iztirab” adlı sənədli layihənin hazırlanması barədə oxudum. Film həssas və vacib mövzudan danışmalı, Birinci Qarabağ müharibəsi zamanı əsir və girov götürülən, işgəncələrə məruz qalan, azad olunandan sonra keçmişin kabusundan xilas ola bilməyən şəxslərin hekayəsinə əsaslanmalıydı.

Nəhayət ki, bu gün “Youtube” kanalında “Əbədi iztirab” adlanan sənədli filmi izlədim. “Əbədi iztirab” kurs işi səviyyəsində hazırlanmış, texniki qüsurları olan, bədii-estetik məziyyətlərə malik olmayan, televeriliş estetikasının ən zövqsüz formasında çəkilmiş işdir.

Filmdə nəinki dramaturgiyanın qanunları gözlənilməyib, ümumiyyətlə, burada dramaturgiya sadəcə mövcud deyil. Kino sənətində (sənədli və ya bədii film – fərq etməz) çoxdan sınanmış təcrübədir ki, müharibənin dəhşətlərini bütün dərinliyi ilə göstərmək üçün ən effektli yol süjeti konkret insan hekayəsinin üzərində qurmaqdır. Uyğun təsvir, ifadə vasitələrindən, montaj fəndlərindən, uğurlu musiqi və rəng həllindən istifadə edərək. “Ədəbi iztirab” filmində rejissor (titrlərdə onun və ümumiyyətə, yaradıcı heyətin adı olmadığından kimlikləri haqqında məlumatsızam) təxminən 30 dəqiqə boyunca tamaşaçıya qəhrəman göstərmək əvəzinə, əsas xətti mötəbər mənbəyi göstərilməyən statistik məlumatlar və müharibə barədə ümumi, şablon fikirlər üzərində qurur. Beləliklə filmin 15-ci dəqiqəsinədək vaxtilə əsir və ya girov götürülmüş, indi azadlıqda olan şəxslərdən kimsə görünmür. Dramaturgiyanın ilk qızıl qaydası burada pozulur. İlk epizoddan başlayaraq sonadək vaxtaşırı kadrarxası səs-söz yığınından ibarət mətni səsləndirir və bu mətn qara fonda ingiliscə titrlərdə əksini tapır. Kadrarxası səsin əks-səda verməsini, səsin montajda təmizlənməməsini görməzdən gəlmək olar. Lakin mətnin emosiyasız intonasiya ilə, zəruri vurğularsız, laqeyd səslə oxunmasının onun faciəvi məzmunuyla uyuşmaması kobud qüsurdur. Sanki müharibə haqqında yox, iqtisadi göstəricilər haqqında mətn oxunur. Bir qayda olaraq, xaricdə baş tutan tədbir və festivallarda filmlərin orijinal dildə, subtitrlə göstərilməsinə önəm verilir. Çünki orijinal səsin intonasiyası hadisənin, vəziyyətin ötürülməsində, qəhrəmanı daha dərindən dərkində mühüm rol oynayır. Bir əcnəbidə buz kimi soyuq səs hansı təəssüratı yaradacaq? Yəqin o təəssürat yaranacaq ki, mətni oxuyan müharibədən zərərçəkmiş ölkənin vətəndaşı yox, robot Sofiyadır. Üstəlik, filmdə səslənən statistik məlumatlar dəfələrlə müxtəlif səviyyələrdə və qat-qat keyfiyyətli formada, xaricdə keçirilən tədbirlərdə təqdim olunub. O zaman bu bəsit, formasız və üslubsuz, primitiv təbliğat metoduyla hazırlanmış filmin əhəmiyyəti nədədir?!

Müharibə ilə bağlı filmlərdə rejissorlar statistik məlumatlardan qaçırlar: çünki statistika ölüm faktını ümumiləşdirir, adiləşdirir, tamaşaçı hadisənin ağrısını hiss etmir. Qodarın 60-cı illərdə lentə aldığı “Dəlisov Pyero” filminin bir epizodunda radioda müharibə xəbərləri verilir, həlak olanların sayı ilə bağlı statistik məlumat səslənir. Personajlardan biri deyir: “Onların kimliyi, necə adam olması, ailələri barədə heç nə bilmirik. Yalnız bir şeyi bilirik: ölənlərin sayını, quru, heç nə ifadə etməyən rəqəmləri”. Filmlər ona görə çəkilir, ədəbi əsərlər ona görə yazılır ki, faktlar, statistik məlumatlar sarsıdan insan hekayələrinə, dramaturji vəziyyətlərə çevrilərək şüurlara, emosiyalara təsir göstərsin…

“Əbədi iztirab” filminin ekspozisiyasında uzun-uzadı kəsərsiz mətndən sonra daha bir kobud dramaturji səhvə yol verilir. Növbəti epizodda ağır hadisələri şəxsi təcrübəsində yaşamış qəhrəman əvəzinə, “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin rəhbəri Esmira Orucova görünür: o, diktor mətnindən fərqlənməyən, yenə mənbələrə əsaslanmayan, ümumi fikirlər səsləndirir:

“Bəşəriyyət yarandığı gündən, müharibələr zamanı düşmən dövlətlər heç vaxt qanunlara riayət etmirlər. Hər zaman qanundankənar əməllər törədiblər. 27 sentyabr 2020-ci ildə terrorizmi dövlət səviyyəsində dəstəkləyən Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü işğalı zamanı bir milyondan çox insanın qaçqın və məcburi köçkün həyatına məhkum olunması təbii, mədəni və tarixi sərvətlərimizin məhv edilməsi ilə yanaşı xalqımıza ağır problem də yaşatdı. Bu, beynəlxalq cinayətlərlə nəticələnən, xalqımızın yaşadığı ağır psixoloji problem, əsir, girov, itkin problemidir” və s.

Esmira xanım mətni sanki telesuflyordan oxuyur və səthi fikirləriylə haqqında danışdığı mövzuya dərindən bələd olmaması təəssüratını yaradır. Yəqin buna görə də dərsini unudan şagird kimi arada hıqqanır, kamera qarşısında rahat ola bilmir. Faciə haqqında danışarkən üzündə gərginlik, emosiya, ifadəlilik nəzərə çarpmır və fikirləri inersiya vəziyyətində çatdırır. Bununla da Esmira xanımın filmdə vəzifəsi bitir. Paradoks ondadır ki, layihədə Qərbin ölkəmizə ikili standartlarla yanaşması tənqid olunduğu halda, film əcnəbi auditoriyanın ikili standartlı mövqe göstərməsinə xeyli bəhanə verir. Məsələn, materialda azərbaycanlılara qarşı soyqırımlarının erməni hərbiçilər tərəfindən yox, erməni xalqı tərəfindən edildiyinin deyilməsi “nifrət nitqi” kimi yozula bilər. Həmçinin xalqımıza qarşı törədilmiş vəhşiliklərin, hüquqların pozulmasının məktəb dərsliyi səviyyəsində ifadəsi, təqdimatı, faktların həm vizual, həm verbal cəhətdən mötəbərliyinin təmin olunmaması, filmdə ümumən yaradıcı yanaşmanın yoxluğu da ikili standartlara, qərəzli münasibətə əsas verir.

Əsir və girovların dəyişdirilməsində iştirak etdiyini bildirən Ağalar Əliyev (yeri gəlmişkən, onun həmin dövrdəki vəzifəsini müəllifin düz yazmadığı açıq hiss olunur) də mövqeyini ümumiləşdirmələr üzərində qurur. Məsələn, azərbaycanlı əsir və girovların başına gətirilən işgəncələrdən danışanda o, atanın oğula, oğulun ana və bacısına qarşı nalayiq hərəkətlərə məcbur edildiyini deyir. Müsahibin bunu ümumiləşdirməsi nəticəsində analoji halların sayının çox olması təəssüratı yaranır, digər tərəfdən filmi hazırlayanların peşə etikasındakı qüsurları və problemi dərindən bilməməsini bir daha göstərir. Bunun və kadrarxası mətndə ümumiləşmiş fikir kimi səslənən ”müharibə ilə əlaqəsi olmayan dinc adamlar girov götürülüb, onlara insanlığa sığmayan işgəncələr verilib, şəxsiyyəti tapdanıb, şantaj edilib, əsir və girovlar pul və yanacaq qarşılığında satılıb, onlar alver vasitəsinə çevrilib” və s. kimi ümumi fikirlərin yerinə konkret qəhrəmanların simasında, vizual həllə onların yaşadığı faciə göstərilməliydi. Ağalar Əliyevi isə yaxşı danışdırmaq və şahidi olduğu hekayələrin vacib məqamlarını qəhrəmanların hekayəsi ilə uzlaşdırmaq olardı.

Nəhayət, filmin yarısında qəhrəmanlar görünür. Şahin Hüseynov və İlqar Hüseynov ingiliscə titrlərdə niyəsə eyni zamanda həm əsir, həm girov kimi təqdim olunurlar. Və onlardan hansının əsir, hansının girov olması tam aydınlaşmır. Görünür, bu sahəylə məşğul olan layihə rəhbəri də hələ bu iki anlayış arasında fərqi ayırd etməkdə çətinlik çəkir.

Qəhrəmanlar öz hekayələrini danışanda kamera onları ancaq bir plandan, statik vəziyyətdə izləyir. Halbuki, “Əbədi iztirab” film olmağa iddialı idisə, onda kamera mütləq yaradıcı axtarışa “çıxmalıydı”. O, qəhrəmanların yaşantıları barədə sözlə ifadə olunmayan, dolğun vizual informasiya verən rakurslar, onun deyə bilmədiklərini anladan, araşdıran baxış bucaqları tapmalıydı. Adını bilmədiyimiz rejissor isə asan, rahat yola əl atır, müsahiblərlə söhbətə forma tapa bilmir və telemüsahibə janrında söhbətləşməklə, bir nöqtədən effektsiz, qəhrəmanlarla emosional ünsiyyət yaratmayan çəkilişlə kifayətlənir.

Final isə yoxdur. Konfliktin, hadisənin olmadığı filmdə, əlbəttə ki, finalın yoxluğu da təbiidir.

Bu cür qeyri-peşəkar filmlər çəkən QHT rəhbərlərinə ssenari üzrə mütəxəssis Sid Fildin bu fikrini yadlarında saxlamağı tövsiyə edirəm: “İstənilən dram – konfliktdir. Konfliktsiz hadisə yoxdur, hadisəsiz qəhrəman, qəhrəmansız əhvalat, əhvalatsız isə ssenari yoxdur”.

Kino hər şeydən öncə təsvir sənətidir. Mətndən çox, faciəni yaşayan insanların emosiyaları, düşdüyü vəziyyətlər təsvir vasitəsilə danışmalıdır. Kino həm də görünməyənləri göstərmək sənətidir. “Əbədi iztirab” bu meyarlara cavab vermir, üstəlik, montajın yaradıcı imkanlarından istifadə olunmur.

Daha pisi odur ki, bu film Qarabağ müharibəsinin fəsadları haqqında təsirli, inandırıcı heç nə demir, həqiqətləri fərqli diskursda təklif eləmir. Sənədli film faktlara əsaslansa da, qəhrəmanların hekayələri uğurlu kinematoqrafiya həlli sayəsində dərin məzmun, emosional məna qazanmalıdır. Bu filmdə isə sözdə faciədən danışılır, ancaq faciənin atmosferi hiss olunmur. Ona görə “Əbədi iztirab” vahid süjet xətti olmayan, montaj qayçısı dəyməmiş materiala bənzəyir.

Yeri gəlmişkən, filmdə Xocalı faciəsi ilə bağlı kadrlar da göstərilir. Xarici auditoriya üçün hazırlandığı iddia olunan işdə öldürülmüş uşaqların üz təsvirlərinin yaxın plandan və dəfələrlə təkrar göstərilməsi peşəkarlıqdan xəbər vermir. Rejissor, üstəlik, dəfələrlə efirdə, müxtəlif tədbirlərdə təqdim olunan bu kadrları doğru dramaturji kontekstdə göstərmir. Filmin dili universal deyil, o, düşündürmür, emosional təcrübə vermir. Ekspozisiyadan başlayaraq, bir vurucu kadrın olmadığı filmdə mövzuya ümumən yaradıcı baxış yoxdur. “Əbədi iztirab”a baxanda adamın bədii estetik zövqü iztirab çəkir…

Maraqlıdır, “Əbədi iztirab” layihəsini QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası hansı əsasla təsdiq edib? Layihəyə 10 min manat nə üçün ayrılıb? Axı, filmdə nəinki min, heç 500 manatlıq iş də nəzərə çarpmır. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bu layihənin yekun hesabatını qəbul edib etməyəcəyi çox maraqlıdır. “Əbədi iztirab” dövlət maliyyəsi hesabına QHT-nin istehsal elədiyi filmlərin ictimai müzakirəsini aktuallaşdırır. Ona görə aktuallaşdırır ki, dövlət büdcəsi hesabına belə zay, keyfiyyətsiz, rəflərdə tozlanıb qalan filmlərin çəkilməsinə gələcəkdə yol verilməsin.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir