Cəmiyyət

Mindəçevirdəki yeni elektrik stansiyasının istifadəyə veriləcəyi tarix açıqlandı – FOTO

Sharing is caring!


Bu ilin fevral ayında təməli qoyulan və müstəqillik dövründə tikilən ən böyük elektrik stansiyasında işlər “AzərEnerji” tərəfindən sürətlə davam etdirilir.

Oxu.Az xəbər verir ki, bu sözləri “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəhbəri Teymur Abdullayev jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, Mindəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyasının ərazisində inşa edilən 1280 meqavatlıq yeni elektrik stansiyasının tikinti işlərini Azərbaycanın ixtisaslaşmış yerli şirkətləri həyata keçirir:

“Stansiyanın tikintisinə isə İtaliyanın və İspaniyanın layihələndirmə şirkətləri nəzarət edir.

Artıq İtaliyanın “Ansaldo Energia” şirkətinin istehsalı olan qaz turbinləri və generatorlar gəmiyə yüklənərək Azərbaycana göndərilib və sabah Bakı limanına çatacaq. Bu günə kimi 4 ədəd qaz turbinlərinin, generatorların və qazanların bünövrə, betonlanma işləri görülərək yekunlaşdırılıb, qaz kompressor binası, Rəqəmsal İdarəetmə Mərkəzinin binası, Nəqliyyat Sahəsi və digər sahələrdə binaların tikintisi, o cümlədən stansiya üzrə metal-konstruksiya işlərinin böyük hissəsi görülüb. Soyutma su sistemlərinin dövran nasoslarının, o cümlədən soyutma borularının yenilənməsi, 500 və 330 kilovoltluq yarımstansiyaların genişləndirilməsi işləri sürətlə aparılır. Əraziyə gələn körpü genişləndirilərək yenidən qurulur. Paralel olaraq ümumi effektivliyi artırmaq üçün Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyasının mövcud 7 və 8-ci enerji bloklarının buxar turbinlərinin zəmanətli əsaslarla modernləşdirilməsi işləri həyata keçirilir. Yüz tondan artıq çəkisi olan turbin, generator və başqa avadanlıqların çıxardılaraq əsaslı təmir olunması və yeni tikilən elektrik stansiyasına inteqrasiya edilməsi üçün işlər yekunlaşıb və hazırda köməkçi avadanlıqların yenisi ilə əvəz edilməsi işləri aparılır”. 

Teymur Abdullayev vurğulayıb ki, stansiya 2024-cü ilin sonunda istifadəyə veriləcək.

Qeyd edək ki, 1280 meqavatlıq yeni elektrik stansiyası və “Azərbaycan” İstilik Elektrik Stansiyasının mövcud 7 və 8-ci bloklarının əlaqələndirməsi nəticəsində ümumi güc 1880 meqavat olacaq. Bununla da faydalı  iş əmsalı 18% artırılaraq 56%-ə çatdırılacaq. Daha dəqiqi 1280 meqavatlıq yeni elektrik stansiyasının qaz turbinlərində bir dəfə işlənmiş qaz utilizasiya yolu ilə suyu buxara çevirəcək və “Azərbaycan” İES-in 7 və 8-ci bloklarının buxar turbinlərində əlavə qaz işlətmədən enerji almağa imkan verəcək. Əlaqələndirmə nəticəsində ildə 800 milyon kubmetr qaza qənaət olunacaq.

Yeni stansiyanın tikilməsi, əlavə generasiya güclərinin yaradılması, enerjiyə artan tələbatın qarşılanması, ixrac imkanlarının artırılması, bərpa olunan enerji mənbələrinin enerjisistemə inteqrasiyasının əks təsirlərinin balanslaşdırılması, elektrik enerjisinin istehsalında təbii qaza qənaət edilməsi və regionda yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyətə malikdir.

Daha çox şəkil burada: PhotoStock.az

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir