Cəmiyyət

Masazırda yolun baxımsız olması sakinlərə problem yaradıb – FOTO

Sharing is caring!


Abşeron rayonu, Masazır qəsəbəsi, Mehdi Hüseynzadə küçəsinin sakinləri yaşadıqları ərazidə yaranmış acınacaqlı vəziyyətdən şikayətlənirlər.

“Report”un yerli bürosuna məlumat verən küçənin sakinləri bildiriblər ki, günün pik saatlarında evlərin pəncərələrini açmaq mümkün deyil. Çünki həmin saatlarda ərazidən tez-tez avtomobillər keçdiyi üçün yolun bütün toz-torpağı evlərə dolur.

Masazır qəsəbəsi ilə Xırdalan şəhərini birləşdirən alternativ yol salındığı gündən asfaltlanmayıb. Bu da sakinlərin bir sıra problemlərlə üzləşməsinə səbəb olub.

Vəziyyət o həddə çatıb ki, hətta bəzi sürücülər yolun baxımsızlığı ilə əlaqədar avtomobil sürməkdən imtina edirlər. Sürücü Əli Rzayev bildirib ki, yol bərbad olduğu üçün hər ay avtomobilin təmirinə 200-300 manat xərc çəkir.

Sürücü Sehran Salayev da yolun bərbad vəziyyətdə olmasından şikayətlənib:

“Avtomobildən elə səslər çıxır ki, danışılası deyil. Adam inana bilmir ki, maşın sənindir. Aidiyyəti qurumların nümayəndələrinə müraciət edərək bildiririk ki, Xırdalanla Masazırı birləşdirən alternativ yolda vəziyyət acınacaqlıdır. Buradan marşrut avtobusları da keçir. Şagirdlər dərsə gedib-gəlir. Bu yola heç vaxt asfalt çəkilməyib. Hər sakin küçənin ona aid hissəsinə daş töküb ki, gediş-gəliş mümkün olsun”.

Qəsəbə sakini Hökümə Əsədova da yolun acınacaqlı durumundan şikayətlənib:

“Səkkiz ildir burada yaşayıram. Yollarımız bərbad vəziyyətdədir. Buna görə çox əziyyət çəkirik”.

Qəsəbəyə qonaq gələnlər də illərdir burada hökm sürən acınacaqlı vəziyyətdən gileylənirlər. “Buraya bacımgilə gəlib-gedirəm. Əvvəllər şəxsi avtomobilimlə gəlirdim. Amma indi yox, çünki yol sıradan çıxdığından avtomobilin altı yerə dəyir, nasazlıq yaranır. Yoldan keçə bilmirəm. Artıq neçə illərdir burda yaşayış var. Amma yolu asfaltlamırlar ki, rahatlıq olsun”, – Nüşabə Abbasova deyib.

Məsələ ilə bağlı Masazır bələdiyyəsindən bildirilib ki, Mehdi Hüseynzadə küçəsinin asfaltlanması 2024-cü ilin planına salınıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir