Cəmiyyət

Rektor: “Uzun müddət Naxçıvan Dövlət Universitetində audit yoxlamaları aparılmayıb”

Sharing is caring!


“Uzun müddət Naxçıvan Dövlət Universitetində audit yoxlamaları aparılmayıb”.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib.

Onun sözlərinə görə, bundan əvvəlki dövrdə universitetdəki bəzi sahələrdə nöqsanlar olub:

“Auditin nəticələri əsasən universitetə qəbul olan, lakin təhsil haqqı borcları yaranan, həmçinin dərslərə gəlməyən əcnəbi tələbələrlə bağlı olub. Onlar gəlməsələr də, adları qalmışdı. Sonra biz onların adını hissə-hissə çıxartmağa başladıq. Bəziləri də var ki, biz təhsil vermişik, amma onlar təhsil haqqını ödəməyiblər.

Azərbaycan Respublikası Hesablama Palatasının apardığı audit nəticəsində təhsil haqqı, tikinti sahəsi ilə bağlı nöqsanlar aşkarlanıb. Bizə verilən müddət ərzində irad və nöqsanları cavablandırmağa çalışacağıq”.

Qeyd edək ki, Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikası Hesablama Palatasının bu ilin İş planına əsasən aparılmış uyğunluq auditi 2021-2022-ci illəri əhatə edib.

Audit dövründə ümumilikdə universitetə 30 milyon 910,6 min manat məbləğində vəsait daxil olub, 30 milyon 480,2 min manat məbləğində vəsait icra edilib. Universitetdə 737 ştat vahidi olub, həmin ştatların 362-ni rəhbərlik və aparıcı heyət, 375-ni professor-müəllim heyəti təşkil edib, təhsilin müxtəlif forma və səviyyələri üzrə auditin əhatə etdiyi dövrün əvvəli ilə müqayisədə sonunda tələbə kontingenti 14,1 faiz artaraq 7 376 nəfərə çatıb. Kontingentin 75,8 faizini bakalavr pilləsi əhatə edib, bütün təhsil pillələri üzrə cəmi tələbələrin 4,4 faizi əcnəbilərdən ibarət olub.

Eyni zamanda, təhsillə bağlı dövlət sənədlərinin uçotuna dair fəaliyyətin təşkili zamanı hüquqi aktların tələblərinə tam əməl edilməməsi təhsilin başa çatdırılmasının təsdiq olunması sahəsində əsaslı risklərə yol açıb. Belə ki, universitetdə ümumilikdə 5 ədəd doldurulmuş diplomun qeydə alınmadığı, həmçinin 1997-2020-ci illəri və müxtəlif təhsil səviyyələrini əhatə edən doldurulmadan 185 ədəd diplom saxlanıldığı aşkar olunub.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir