Cəmiyyət

Azərbaycan İslam Ölkələrinin Vergi Orqanları Assosiasiyasının konfransında təmsil olunub

Sharing is caring!


İstanbulda İslam Ölkələrinin Vergi Orqanları Assosiasiyasının (ATAIC) “Rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi” mövzusu üzrə 18-ci illik Texniki Konfransı keçirilib.

“Report”un İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən verdiyi xəbərə görə, tədbirə müşahidəçi ölkə statusunda qatılan DVX-nin rəisi Orxan Nəzərlinin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Konfransın açılış mərasimində Türkiyənin xəzinə və maliyyə nazirinin müavini İsmayıl İlhan Hatipoğlu, Malayziyanın Daxili Gəlirlər Şurasının Baş icraçı direktoru Datuk Dr. Mohd Nizom Sairi və Türkiyə Gəlir İdarəsinin başqanı Bekir Bayraktar çıxış ediblər.

Tədbir çərçivəsində iqtisadiyyatın rəqəmsallaşdırılması mühitinin formalaşması, rəqəmsal iqtisadiyyatın əsas xüsusiyyətləri, vergitutma məsələlərinin tənzimlənməsi mövzusunda sessiyalar keçirilib. Sessiyalarda iqtisadiyyatda rəqəmsal mühitin tənzimlənməsi normativlərinin yaradılması, iqtisadi aktivlikdə rəqəmsal iqtisadiyyatın payının davamlı artması şəraitində vergi sistemləri üçün çağırışlar, OECD-nin vergi qanunvericiliyinə iqtisadiyyatın rəqəmsallaşmasından yaranan vergi problemlərinin ikimərhələli həllinə dair yanaşmaları, o cümlədən mənfəətin bölüşdürülməsi və əlaqə qaydaları, müasir alətlərin tətbiqi istiqamətində perspektivlər barədə təqdimatlar dinlənilib və müzakirələr aparılıb.

Konfrans çərçivəsində Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlinin Türkiyə Gəlir İdarəsinin başqanı Bekir Bayraktar ilə keçirilən görüşündə ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib. Vurğulanıb ki, Türkiyə ilə strateji tərəfdaşlığın və sıx münasibətlərin daha da inkişaf etdirilməsində hər iki ölkənin rəhbərlərinin siyasi iradəsinin, yüksək səviyyəli səfərlərin, mütəmadi keçirilən görüş və tədbirlərin önəmli rolu var. Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin güclənməsi fonunda vergi sahəsində əməkdaşlıq da genişlənir, iqtisadi sahədə tərəfdaşlıq birgə təşəbbüslərin uğurla reallaşdırılmasına töhfələr verir. Görüşdə Dövlət Vergi Xidməti və Türkiyənin Gəlir İdarəsi Başqanlığı arasında yaradılmış birgə İşçi qrupun fəaliyyəti və vergi orqanları arasında əlaqələrin gücləndirilməsi imkanları nəzərdən keçirilib.

Səfər çərçivəsində DVX rəisi Malayziyanın Daxili Gəlirlər Şurasının Baş icraçı direktoru Datuk Dr. Mohd Nizom Sairi ilə də görüş keçirib. Görüşdə ATAIC-nin fəaliyyəti, islam ölkələrində vergi siyasəti ilə bağlı inzibatçılıq təcrübəsi, ikitərəfli əlaqələrin, o cümlədən vergi orqanları arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir