Cəmiyyət

Azərbaycanın və Gürcüstanın iqtisadi potensialı daim artır

Sharing is caring!

        Son illər ərzində infrastruktur layihələrinin və regional inkişaf proqramlarının uğurla həyata keçirilməsinin nəticəsi olaraq Azərbaycanın və Gürcüstanın iqtisadi inkişafı üçün güclü baza formalaşıb. Bölgələrdə yeni, müasir tələblərə cavab verən infrastruktur yaradılır, elektrik stansiyaları tikilir, qaz və su kəmərləri çəkilir, yollar salınır. İnfrastrukturun yeniləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər eyni zamanda insanların rahatlığı, firavan yaşayışı üçün həyata keçirilən sosialyönümlü tədbirlərin mühüm tərkib hissəsidir.

        Prezident İlham Əliyevin cari ilin 8 oktyabr tarixində Tbilisidə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatda bildirib ki, iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya 2004-cü ildən etibarən fəaliyyət göstərir. Komissiyanın mütəmadi olaraq iclasları keçirilir və son iclası ötən il dekabrın 15-də Tbilisidə baş tutub. 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 771 milyon ABŞ dolları təşkil edib, ikitərəfli ticarətin saldosu isə müsbət 500 milyon ABŞ dolları olub. Bu il yanvar-avqust aylarında ikitərəfli ticarət dövriyyəsi 612,87 milyon ABŞ dollarını ötüb, ikitərəfli ticarətin saldosu isə müsbət 444 milyon ABŞ dolları təşkil edib. Azərbaycanda 815 Gürcüstan investisiyalı kommersiya qurumu qeydiyyatdadır, onlardan 533-nün fəaliyyəti aktivdir. Ümumilikdə Gürcüstandan Azərbaycana 279 milyon, Azərbaycandan Gürcüstana isə 3,4 milyard ABŞ dolları məbləğində investisiya qoyulub.

       Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb. Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin (Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və s.) reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir.

       Əməkdaşlığın dərinləşməsinə hesablanmış gündəlik vardır. Azərbaycan böyük məmnuniyyətlə Gürcüstanın yeni infrastruktur layihələrinin yaranmasında iştirak edə bilər. Anakliya limanı və Kulevi limanı əməkdaşlığımızı daha da gücləndirəcək. Bakı-Tbilisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılması və yaxın gələcəkdə fəaliyyətə başlaması da Orta Dəhlizin güclənməsinə xidmət göstərəcək.

       Azərbaycanın öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Energetika sahəsində ənənəvi sahələrdən başqa bizi birləşdirən “Yaşıl enerji dəhlizi” layihəsidir. Burada da biz iki qardaş ölkə Avropa ölkələri ilə sıx əməkdaşlıq edirik və yaxın aylarda bu layihənin texniki-iqtisadi əsaslandırması hazır olacaq. Həm enerji, həm nəqliyyat sahəsində çox böyük əməkdaşlıq planları var. Bizim birgə həyata keçirdiyimiz enerji və nəqliyyat layihələri bu gün bir çox ölkələrin enerji və nəqliyyat təhlükəsizliyinə xidmət göstərir.

Xuraman Əliyeva,

Cəlilabad rayonu, sahibkar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir