Cəmiyyət

“Böyük Qayıdış” Gənclər Təşkilatı Anım Günündə şəhidlərimizi ehtiramla yad edib – FOTO

Sharing is caring!


“Böyük Qayıdış” Gənclər Təşkilatı 27 Sentyabr – Anım Günü ilə əlaqədar bir sıra tədbirlər həyata keçirib.

Oxu.Az xəbər verir ki, təşkilat tərəfindən Azərbaycan Texniki Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə anım tədbirləri, Vətən müharibəsi qazilərinin Qayıdış könüllüləri ilə görüşü təşkil olunub, təşkilat nümayəndələrinin, qazilərin, üzv və könüllü gənclərin iştirakı ilə İkinci Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən anım tədbirlərində millət vəkilləri, tərəfdaş qurumların nümayəndələri, təşkilatın idarə heyətinin üzvləri, şəhid ailələri, Vətən müharibəsi qaziləri və tələbə gənclər iştirak ediblər.

Anım Günü ilə bağlı çıxış edən natiqlər bu kimi tədbirlərin keçirilməsində əsas məqsədin gəncləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini yüksəltmək, həmçinin gənclər arasında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfəri təbliğ etmək, Vətən müharibəsi şəhidlərini və qazilərini cəmiyyətdə, xüsusilə gənclər arasında tanıtmaq olduğunu diqqətə çatdırıblar. 

Bildirilib ki, bu Qələbə xalqımızın və Ordumuzun gücünü, milli birliyini, vəhdətini, mübarizliyini bütün dünyaya sübut etdi. Azərbaycan xalqı hər zaman qəhrəman övladlarının xidmətlərini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna hörmət və ehtiram göstərir, əziz xatirəsini uca tutur. Zəfərlə nəticələnən 44 günlük Vətən Müharibəsindən az sonra ölkəmizdə Anım Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı tarixi bir sənəd olmaqla yanaşı, həm də şəhidlərimizin əziz xatirəsinə sonsuz ehtiramın bariz nümunəsidir. Natiqlər, həmçinin Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağ bölgəsində həyata keçirilən antiterror tədbirlərinin ölkəmiz və region üçün əhəmiyyətini vurğulayıblar.

Tədbirlər planına əsasən “Böyük Qayıdış” Gənclər Təşkilatının təşkilatçılığı ilə Vətən müharibəsi qazilərinin Qayıdış könüllüləri ilə görüşü baş tutub. Görüşdə qəhrəman qazilərimiz 44 günlük Vətən müharibəsində müzəffər Azərbaycan Ordusunun döyüş meydanında rəşadətindən, Azərbaycanın uğurla keçirdiyi lokal antiterror tədbirlərindən,xalq-ordu birliyindən, müharibə ilə bağlı xatirələrindən, şəhid olmuş döyüşçü yoldaşlarının qəhrəmanlıqlarından və göstərdikləri igidliklərdən bəhs ediblər. Sonda könüllüləri maraqlandıran suallar cavablandırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir