Cəmiyyət

Gürcüstan müsəlmanlarından alınmış 234 məscid onlara qaytarılıb – FOTO

Sharing is caring!


Sovet dövründə Gürcüstan müsəlmanlarının əlindən alınmış 234 məscid müstəqillik illərində onların özlərinə qaytarılıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın paytaxtı Tbilisidə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin (SARI) birgə təşkilatçılığı ilə keçirilən “Dinlərarası dialoqda dövlətin rolu” adlı beynəlxalq konfransda SARI sədri Zaza Vaşakmadze deyib. O, bildirib ki, 2014-cü ildən bəri SARI tərəfindən Gürcüstandakı pravoslav kilsəsi istisna olmaqla dini icmaların inkişafına 14 milyon dollar ayrılıb.

O, Gürcüstanda müxtəlif dinlərin və məzhəblərin nümayəndələrinin tarixən sülh içində yaşadığını, dövlətin ölkədəki tolerantlığın gücləndirilməsi istiqamətində konkret addımlar atdığını vurğulayıb.

“Gürcüstan tarixən çoxmillətli çoxdinli xristian ölkəsidir, biz bir sıra mədəniyyətə və dinə ev sahibliyi edirik. Bu vaxtadək burada heç bir qarşıdurma baş verməyib. Gürcüstanda hakimiyyət dinlərarası dialoqun əsas zəmanətçisidir”.

Zaza Vaşakmadze Gürcüstandakı kilsələrin 96%-nin pravoslav dini icmasına məxsus olduğunu bildirib.

O, müasir dövrdə dini qarşıdurmaların artdığını, bu səbəbdən dövlətin dinlərarası dialoqun təşkilində önəmli rol oynaya biləcəyini vurğulayıb.

O qeyd edib ki, müsəlmanlar Gürcüstanda dövlət quruculuğunda iştirak edirlər.

“Bizim vətəndaşlarımız etnik və mədəni mənsubiyyətindən asılı olmayaraq bərabərdir və dövlət quruculuğunda birlikdə iştirak edirlər. Müasir dövrün əsas problemlərindən biri dini qarşıdurmalardır və bu dövlətin rolunu bu sahədə daha da artırır, dövlət dinlərarası və mədəniyyətlərarası dialoqda böyük rol oynaya bilər”.

Vaşakmadze qeyd edib ki, Gürcüstanda hakimiyyət dini azlıqların gürcü xalqı ilə assimilyasiya olmadan inkişafına dəstək verir. O, Azərbaycan və Gürcüstan arasında dini sahədə əlaqələrin daha da yüksək səviyyəyə qaldırılacağını vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir