Cəmiyyət

Ərdoğanın Naxçıvandan sülh mesajı

Sharing is caring!


Sara Əzimova yazır…

Bu dayandığım yerdən türk dünyasının iki lideri keçdi. Naxçıvan növbəti dəfə ən mühüm tarixi görüşə şahidlik etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvandakı ikinci görüşü bir çox məqamlarla yadda qaldı. Əvvəlcə qeyd etməliyəm ki, iki liderin görüşü hər zaman olduğu kimi, bu dəfə də türk dünyasına milli qürur və birlik hissi bəxş etdi.  

İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması illərdir blokada vəziyyətində yaşayan Naxçıvan üçün mühüm tarixi hadisə idi. Çünki bu o deməkdir ki, muxtar respublikanın yaxın zamanda bir mənbədən asılılığı aradan qaldırılacaq, Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək. Sevindirici haldır ki, gələcəkdə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq mümkün olacaq. Bu mühüm tədbir ölkə başçısı İlham Əliyevin iqtisadi blokadada olan muxtar respublikaya diqqətinin növbəti davamı kimi naxçıvanlılar tərəfindən böyük razılıq hissi ilə qarşılandı. Bu, həm də ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə böyük töhfə idi.  

İqtisadi və siyasi əhəmiyyətinə görə bu gün üçün böyük önəm daşıyan bu görüşdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışına diqqət kəsildik. Çünki Ərdoğanın Azərbaycan üçün səsləndirdiyi hər bir söz bizə fəxarət və qürur hissi yaşadır. Liderin budəfəki çıxışında ən çox diqqətçəkən məqamlardan biri Ermənistana göndərdiyi sülh mesajı idi. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında bildirdi ki, Ermənistanın ona uzadılan sülh əlini tutmasını və artıq səmimi addımlar atmasını gözləyirik. Əlavə olaraq qeyd etdi ki, “sülhün uduzanı olmaz. Bölgəmizdə sülh, sabitlik və rifahın yaranması xalqlarımıza olan borcumuzdur. Biz bu borcu yerinə yetirməkdə qətiyyətliyik, səmimiyik. Arzumuz qarşı tərəfin də eyni səmimiyyəti göstərməsidir”.

Naxçıvandan verilən sülh mesajı Ermənistana bir çağırışdır. Bu çağırış TÜRKÜN humanist olduğunun dünyaya nümayişi idi.    

Liderlərin bu istəyi həm də hüquqi dövlət kimi Azərbaycanın sülhməramlı siyasətə sadiqliyindən irəli gəlirdi. Naxçıvandan verilən sülh mesajı onu göstərdi ki, Azərbaycan sülhün keşiyində duran, hər zaman qədim dövlətçilik ənənələrinə, eyni zamanda beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərinə sadiq olan hüquqi dövlətdir.  

Bəli, Naxçıvandan Ermənistana böyük mesaj verildi. O Ermənistan ki, onun işğalçılıq siyasəti nəticəsində Naxçıvan blokadaya düşdü, işıqsız, qazsız qaldı. Özü də o sərt qış gecələrində Naxçıvan ən böyük sınaqdan çıxdı. Blokadada olmasına baxmayaraq, Naxçıvan yaşadı, inkişaf etdi. Bu gün ulu diyar beynəlxalq tədbirlərə, yarışlara ev sahibliyi edir. Bu onu göstərir ki, Ermənistanın bu istiqamətdəki niyyətləri də baş tutmadı. Qarabağımızı qaytardıq.

Suverenliyimizi tam bərpa etdik. Bir daha böyük qələbəyə imza atdıq: 24 saat ərzində, ondan da az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu. Həm siyasi arenada, həm də döyüş meydanında qalib olmağımıza baxmayaraq, biz sülhün tərəfdarıyıq. Torpaqlarımızda yaşayan erməni əhalisinə humanitar yardımlar edirik.  Naxçıvandakı görüşdə ölkə başçısı bir daha bəyan etdi ki, Qarabağ bölgəsində yaşayan insanlar milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan vətəndaşlarıdır, onların təhlükəsizliyi, hüquqları Azərbaycan dövləti tərəfindən təmin ediləcək. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir