Cəmiyyət

Himayədar ailələrə müavinətlər proaktiv qaydada təyin olunacaq

Sharing is caring!


Övladlığagötürmə sahəsində olduğu kimi, himayədar ailə sahəsində də idarəetmə və xidmətlərin elektron infrastruktur üzərindən həyata keçirilməsi üçün “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi təkmilləşdirilib. Digər sosial ödəniş növləri kimi, himayədar ailələrə verilmiş uşağın tərbiyə edilməsinə görə həmin ailələr üçün nəzərdə tutulan müavinətlər də e-sistem üzərindən proaktiv qaydada təyin olunacaq.

“Report” xəbər verir ki, bu barədə “Himayədar ailə” institutunun tətbiqi və uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən işçi qrupun icasında bildirilib. İşçi qrupun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli “Himayədar ailə” institutunun tətbiqi mexanizminin qurulması sahəsində aparılan işləri qeyd edib.

Himayədar ailələrlə bağlı sosial dəstək mexanizminin də tətbiq ediləcəyi bildirilib. Həmin ailələrə himayəyə götürdükləri 0-6 yaş arası uşağa görə 355 manat, 7-13 yaş arası uşağa görə 375 manat, 14-18 yaş arası uşağa görə 395 manat, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş 0-6 yaş arası uşağa görə 395 manat, 7-13 yaş arası uşağa görə 415 manat, 14-18 yaş arası uşağa görə 435 manat aylıq müavinət veriləcəyi diqqətə çatdırılıb. Eyni zamanda himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün həmin ailələrin hər rübdə bir dəfə 200 manat birdəfəlik müavinətlə də təmin ediləcəyi qeyd olunub.

Bildirilib ki, “Himayədar ailə” modelinin tətbiqində əsas məqsəd valideyn himayəsindən məhrum uşaqların sosial xidmət müəssisələrində deyil, qısa və ya uzun müddət ərzində dövlət nəzarəti altında ödənişli əsaslarla ailə mühitində böyüməsinə və inkişafına şərait yaratmaqdır. Bu yeni modelin ölkəmizdə tətbiqi uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsində növbəti mühüm addım olmaqla, uşaq qayğı sisteminin inkişafında yeni mərhələ açır.

İclasda qeyd olunan modelin tətbiqi ilə bağlı görülmüş işlər, himayədar ailə sahəsində xidmətlərin elektron infrastruktur üzərindən həyata keçirilməsi ilə əlaqədar məsələlər müzakirə olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir