Cəmiyyət

Vəkillər Kollegiyasının nümayəndə heyəti Portuqaliyada beynəlxalq tədbirdə iştirak edib

Sharing is caring!


Azərbaycan Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropa Vəkillər Kollegiyaları Federasiyası ilə Portuqaliya Vəkillər Kollegiyasının birgə dəvəti ilə “2023-cü il Lissabon Sammiti”ndə iştirak etmək üçün Lissabon şəhərinə rəsmi səfərə gedib.

Səfərdə ARVK-nın sədri Anar Bağırovla yanaşı, Kollegiyanın Rəyasət Heyətinin üzvləri – Lalə Nağıyeva ilə Qadın Vəkillər Alyansının sədri Dilarə Əfrasiyabova da iştirak ediblər.

Tədbir iştirakçıları üçün əvvəlcə Portuqaliya Vəkillər Kollegiyasının inzibati binası ilə tanışlıq məqsədilə tur, daha sonra isə rəsmi ziyafət təşkil olunub.

Növbəti gün baş tutan konfrans “Vəkillikdə Qadın Liderlər” mövzusuna həsr edilib. Konfransda Beynəlxalq Vəkillər Kollegiyasının prezidenti Almudena Arpon de Mendivil, Avropa Vəkillər Kollegiyaları Federasiyasının prezidenti İzabela Konopacka, Portuqaliya Vəkillər Kollegiyasının prezidenti Fernanda de Almeida Pinheiro, dünyanın müxtəlif ölkələrindən vəkillər, hüquq cəmiyyətlərinin rəhbərləri, habelə dövlət rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Nümayəndə heyətimiz tərəfindən son illərdə Azərbaycanda vəkillik institutunun nüfuzunun artırılması istiqamətində həyata keçirilmiş tədbirlər, qanunvericiliyin təkmilləşdirilməsi, ölkə başçısının bir sıra fərmanları, onların əhəmiyyəti, ödənişsiz hüquqi yardımın göstərilməsi ilə əlaqədar mövcud problemlər, görülmüş işlər, habelə vəkillik sahəsində aparılan mütərəqqi islahatlar nəticəsində vəkil korpusunda xanım vəkillərin sayının əhəmiyyətli dərəcədə artmasının, həmçinin qadın vəkillərin şəbəkələşməsi, qadın hüquqşünasların vəkilliyə marağının artırılması, o cümlədən qadın vəkillərin fəaliyyətlərində qarşılaşdığı gender əsaslı çətinliklərlə mübarizə məqsədilə ARVK nəzdində Qadın Vəkillərin Alyansının yaradılmasının əhəmiyyəti tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbir çərçivəsində “Məhkəmə sistemində qadın liderlər üçün mövcud və gələcək problemlər”, “Dövlət idarəçiliyində qadın liderlərin nüfuzlu təmsilçiliyinin əhəmiyyəti”, “Vəkillik peşəsində qadın liderlərin rolu”, “Vəkillik peşəsində qadın liderlərin gələcəyi” və bir sıra digər aktual mövzular üzrə dəyirmi masalar, sessiyalar və vörkşoplar keçirilib.

Gələcək əməkdaşlığın gücləndirilməsi məqsədilə ARVK-nın sədri Anar Bağırovla Beynəlxalq Vəkillər Kollegiyasının prezidenti və bir sıra ölkələrin vəkillər kollegiyalarının rəhbərləri arasında ikitərəfli görüşlər keçirilib, təcrübə mübadiləsi, habelə Avropa Vəkillər Kollegiyaları Federasiyası təşkilatı çərçivəsində gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.

Daha sonra konfrans iştirakçıları üçün rəsmi ziyafət təşkil edilib.

Sonda tədbir iştirakçıları üçün Lissabon şəhərinin görməli yerləri üçün şəhər turu təşkil olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir