Cəmiyyət

Meksika qəzeti Azərbaycana qarşı qarayaxma kampaniyası barədə: Riyakarlıq və manipulyasiya sülhə maneə törədir

Sharing is caring!


Meksikanın geniş oxuyucu kütləsinə malik olan “El Universal” qəzetində “Riyakarlıq və manipulyasiya sülhə maneə törədir” sərlövhəli məqalə dərc edilib.

Bu barədə Azərbaycanın Meksikadakı Səfirliyindən bildirilib.

Məqalədə Ermənistanın “blokada” və “humanitar böhran” kimi yalanlarının, ölkəmizə qarşı apardığı qarayaxma və spekulyasiyanın, nümayiş etdirdiyi ikiüzlülük siyasətinin sülh prosesinə ciddi zərbə vurduğuna diqqət çəkilir.

Qeyd olunur ki, Praqa, Soçi və Brüssel danışıqlarından sonra hər iki ölkənin bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini tanıdığını, hətta Ermənistan baş nazirinin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul etdiyini bəyan etməsinə baxmayaraq, sözləri ilə əməlləri üst-üstə düşməyən Ermənistan rəhbərliyinin sonrakı məsuliyyətsiz hərəkətləri və Azərbaycana qarşı başlatdıqları geniş qarayaxma kampaniyası bölgədə dayanıqlı sülhün əldə olunmasını çətinləşdirir.

Məqalədə Ermənistan və onun havadarlarının “soyqırımı” terminindən sui-istifadə hallarının yalnız narazılıq doğurduğu və yəhudi icmalarının ravvinlərinin bu məqsədlə Ermənistan rəhbərliyinə etiraz məktubu ünvanlayaraq Holokostu çirkin siyasi təbliğat vasitəsinə çevirməməyə və onun qurbanlarına hörmətlə yanaşmağa çağırdığı bildirilir.

Eyni zamanda, beynəlxalq ekspert Rodni Diksonun “Okampo hesabatını” iflasa uğratdığına diqqət çəkilir, Fransa, ABŞ kimi ölkələrin siyasətçilərinin Azərbaycan xalqının uzun illər məruz qaldığı misli görülməmiş erməni vəhşiliyinə və etnik təmizləməyə, şəhər və kəndlərimizin xarabalığa çevrilməsinə göz yummalarının riyakarlıqdan başqa bir şey olmadığı vurğulanır.

Xatırladılır ki, Rusiyanın hərbi müttəfiqi olan Ermənistanın ölkəmizin ərazisində həyata keçirdiyi mina terrorunun ağır nəticələri hələ də davam edir və post-münaqişə dövründə də ermənilər məhz Laçın yolundan ölkəmizin ərazisinə mina və hərbi sursatlar daşımaq üçün sui-istifadə etmişlər. Guya “aclıqdan əziyyət çəkən” ermənilərin daha qısa və asan Ağdam yolu vasitəsilə yüklərin qəbulundan imtina etmələri isə Ermənistanın bu məsələni siyasiləşdirmək məqsədi daşımasının bariz nümunəsidir.

Həmçinin, regionda sabitliyin əldə olunması üçün bütün səylərin səfərbər edilməsinin, ölkələrin bir-birilərinin ərazi bütövlüyü və suverenliyini qarşılıqlı olaraq tanımasının və Rusiya sülhməramlılarnın nəzarəti altında olan ərazilərdən Ermənistan silahlı qüvvələrinin qalıqlarının çıxarılmasının vacibliyi vurğulanır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir