Cəmiyyət

Qatqılardan istifadə avtomobilin yanacaq xərcini azaltmağa imkan verirmi?

Sharing is caring!


Nazirlər Kabinetinin ili 10 ildən yuxarı nəqliyyat vasitələrinin Azərbaycana idxalını qadağan etməsindən sonra yeni avtomobillərin yanacaq sərfiyyatına çəkilən xərcləri azaltmaq üçün təklif edilən vasitələrdən biri də qatqıların istifadəsidir. Sosial mediada geniş müzakirələr açan sürücülərin bir qrupu qatqıdan istifadəni dəstəkləsə də, digər qrupu onun xeyrindən çox zərərinin olmasını qeyd edir. Hətta bəzi sürücülər iddia edirlər ki, qatqılar bir müddət sonra avtomobilin yanacaq sərfiyyatını artırır.

Sürtkü yağları və qatqıları üzrə ekspert Orxan Sabiroğlu “Report”a açıqlamasında bildirib ki, Azərbaycanda bəzi kəsimdə qatqılarla bağlı müəyyən yanlış fikirlər formalaşıb:

“Ölkəmizdə elə bir fikir formalaşıb ki, sanki qatqılar yalnız Azərbaycanda satılır və ancaq burada istifadə olunur. Həm benzin qatqıları, həm dizel qatqıları, həm sistem təmizləyici qatqılar, həm də yanacağın keyfiyyətini artıran qatqılar dünyanın bütün ölkələrində satılır.

Yəni bu istehsalçılar qlobal markalardır və dünyanın bütün ölkələrinə qatqı satırlar. Birbaşa püskürməli yanacaq sistemi olan maşınlarda (GDI – Gasoline Direct Injection) istifadəçi reqlamentinə görə, onların farsunkalarını sökmək olmaz. Bəzi Avropa ölkələrində həmin problemlərin yaranmaması üçün onları qatqılarla tənzimləyirlər. Məqsəd odur ki, sistem həmişə təmiz qalsın.

Azərbaycanda son dövrlər ən çox satılan qatqılar, yanacaq sistemi təmizləyən və benzin mühərriklərində oktan ədədini yüksəldən, həmçinin dizel mühərrikləri təmizləyən qatqılardır”.

Ekspertin sözlərinə görə, yüksəkoktanlı yanacaq istifadə etmək imkanı olan sürücünün qatqı istifadə etməsi tövsiyə olunmur:

“Biz “Aİ-95” markalı benzin tələb edən maşın sürənlərə heç vaxt demirik ki, gəlin “Aİ-92” markalı benzin və oktan artıran qatqı tökün və ya avtomobilin yanacaq çəninə “Aİ-95”, yaxud “Aİ-98” markalı benzin tökə bilən insan mütləq onu etsin. Tövsiyə edirik ki, hər 5-6 min km-dən bir yanacaq sistemini təmizləyən qatqı töksünlər. Bu qatqıların da heç bir mənfi tərəfi yoxdur. Necə olur ki, bütün dünyada istifadə edilir və ziyanı olmur, amma bizim ölkədə istifadə ediləndə ziyanlı olur.

Xüsusən də dizel mühərrikli avtomobillərin sürücülərinə bunu şiddətli şəkildə tövsiyə edirik. Çünki bizdə dizel yanacağının seçim imkanı yoxdur. Ölkəmizə isə 2015-2016-cı ilin dizel mühərrikli avtomobilləri gəlir. Hansı ki, onlar da qatqısız işləmir. Qatqı qatmayanda isə sistemdə müəyyən problemlər, qeyri-müntəzəmliklər yaranır. Qatqının istifadə edilməsi yanacağın avtomobilə verdiyi ziyanı bir qədər azaltmaq məqsədi daşıyır”.

Ölkəyə sürtkü yağları və qatqıların idxalı və satışı ilə məşğul olan Arif Məmmədov isə qeyd edir ki, səhv qatqının seçilməsi avtonəqliyyat vasitəsinin müəyyən hissələrinin sıradan çıxmasına səbəb ola bilər:

“Oktanı artırmaq və sistemi yumaq üçün variantlar çoxdur. Onlardan ən çox yayılmışı kerosin və həlledici (çözücü) tərkibli qatqılardır. Bu qatqıların adından da görünür ki, işi çözməkdir. Təbii ki, belə olan halda qatqılar sistemə zərər verir. Adi sınaq üçün avtomobildə istifadə edilən hansısa rezini çözücü olan qaba atsaq 24 saata parçalanacaq.

Amma tanınmış və brend qatqı istehsalçıları qatqıları xüsusi laboratoriya şəraitində hazırlayırlar və ona müəyyən temperatur həddi müəyyən edilir. Yəni məsələn müəyyən edilir ki, yanacaq çəninə tökülən qatqılar 300 dərəcə temperatura çatmamış onun çözücülük funksiyası işə düşmür. Amma digər qatqıların bir hissəsinin adi “rastvoritel” kimidir. Onu istifadə edəndən bir neçə ay sonra benzin pompası fəaliyyətini dayandırır.

Oktan artırmaq üçün indi istifadə edilən ən sadə üsul kerosinin içinə qurğuşun qatmaqla olur. Amma bu zərərli vasitədir. Onu daimi istifadə etmək tövsiyə edilmir. Amma bu sahədə ixtisaslaşmış şirkətlərin məhsullarının üzərində daimi istifadə üçün yararlılıq yazılır”.

Ekspert sürücülərə daha çox Avropa istehsalı olan qatqıların alınmasını tövsiyyə edir:

“Bu gün sürücülərə oktan ədədinin artıcısı daha çox yanacaqdoldurma məntəqələrində (YDM) təklif edilir. Həmin maddələr də Türkiyə istehsalıdır və o qədər də keyfiyyətli deyil.

Qatqı alarkən ilk olaraq onun qablaşdırmasına, xüsusən də onun ağzının bütövlüyünə fikir vermək lazımdır. YDM-lərin 90%-də bunlar yenidən doldurma olur.

İkinci növbədə istehsal müəssisəsinə fikir vermək lazımdır. Çalışmaq lazımdır ki, Avropa ölkələrindən birində istehsal edilən qatqı alınsın. Digər əhəmiyyətli məsələ isə təyinatı üzrə olan qatqının alınmasıdır. Ola bilər ki, avtomobildə təzyiqli forsunka (GDI) olsun, amma ona sadə forsunka üçün olan qatqı əlavə edilərsə, bu, sistemin sıradan çıxmasına səbəb ola bilər. Onun üçün də qatqının texniki parametrlərini oxumaq lazımdır.

Mən özüm dəfələrlə sınaq məqsədilə YDM-lərdə maraqlanmışam və görmüşəm ki, orada çalışanların bir çoxu qatqıların və avtomobillərin xüsusiyyətlərini bilmir.

Bu baxımdan tövsiyə edirəm ki, qatqılar mütləq rəsmi satış yerlərindən alınsın. Çünki həmin yerlərdə çalışanlar ixtisaslaşmış kadrlardır”.

Avtomobil sektoru üzrə ekspert Eldəniz Cəfərov isə hesab edir ki, qatqıları alan zaman uyğunluq sertifikatı tələb edilməlidir:

“İlk olaraq sürücü bilməlidir ki, qatqını hansı məqsəd üçün: yəni sistemi təmizləməyə, yoxsa oktanı artırmağa istifadə edəcək. Digər vacib amil odur ki, qatqı alınarkən satıcıdan uyğunluq sertifikatı tələb edilməlidir. Əgər sertifikat olmazsa, həmin məhsulu almaq tövsiyə edilmir. Çünki sonradan həmin qatqının vuracağı zərər xeyrindən daha çox ola bilər.

Həmçinin qatqını istifadə etməzdən öncə qablaşmanın üzərindəki xüsusi təlimatla tanış olub ona uyğun hərəkət etmək lazımdır. Bu baxımdan tövsiyə olunur ki, belə məhsullar rəsmi servislərdən alınsın. Çünki burada olan ustalar və mütəxəssislər hansı qatqının hansı məqsəd üçün istifadə edildiyini yaxşı bilirlər. Ona görə də birmənalı olaraq usta məsləhəti olmadan qatqı və əlavələrin alınıb kortəbii şəkildə avtomobildə istifadəsi yolverilməzdir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir