Cəmiyyət

“Özəl liseylər reytinqə işləyirlər”: Dilimiz və tariximiz isə arxa planda qalıb

Sharing is caring!


Son  vaxtlar özəl liseylərdə Azərbaycan dili və tarixinin bərbad tədris edilməsi müzakirə edilən məsələlərdən biridir. Ekspertlərin rəyinə görə, müvafiq dövlət qurumları da bir çox liseylərin tədris prosesinə müdaxilə edə bilmir.

Nəticədə, bəzi liseylər özfəaliyyətlə məşğul olur, heç bir qurum qarşısında hesabat vermir.

Məsələ ilə bağlı təhsil üzrə ekspert Nadir İsrafilov Bizim.media-ya açıqlamasında bildirib ki, özəl liseylər qanunvericiliyə görə öz tədris proseslərini Elm və Təhsil Nazirliyi ilə razılaşdırırlar:

“Lakin özəl liseylər tədris prosesini seçməkdə sərbəstdirlər. Bu tədris müəssisələrindəki tədris prosesi və hətta dərsliklər belə ənənəvi məktəblərdəkindən fərqlənir.

Özəl məktəblər hansı dildə tədris aparırsa, bir növ həmin ölkənin tədris təcrübəsindən faydalanır. Bu da ondan irəli gəlir ki, liseylərin əsas hədəfi öz məzunlarının daha çox əcnəbi ölkələrdə ali təhsil almasına fürsət qazandırmaqdır. 

Əcnəbi ölkələrə qəbul zamanı Azərbaycan dilinin və tarixinin səviyyəsi yox, məhz əcnəbi dili necə mənimsədiyinə baxılır.

Ona görə də özəl liseylər tədris prosesində Azərbaycan dili və tarixinə heç də önəm vermirlər və bu fənlər formal olaraq tədris olunur. Formal tədrisin keyfiyyətindənsə danışmağa dəymir”.

Nadir İsrafilov onu da qeyd edib ki, özəl liseylər reytinqə işləyirlər:

“Onlar keyfiyyətə yox, kəmiyyətə baxırlar. Yəni daha çox məzunun hansısa əcnəbi ölkələrin ali məktəblərinə qəbulu əsas məsələdir.

Əcnəbi ölkələrdə tələbə adının daha çox qazanması isə sırf kommersiya maraqlarına xidmət edir. Nəticədə xarici qəbul sayı liseyin reytinqini artırır. Reytinqin yüksəlməsi isə daha çox müştəri deməkdir.

Ona görə də özəl liseylərdə əsas diqqət əcnəbi dillərin və İT fənlərinin daha yaxşı tədrisinə yönəldilir. Belə olduğu üçün Azərbaycan dili və tarixi fənləri arxa plana keçir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir