Cəmiyyət

Zarıslı sakini: “Hələ ermənilər orada olanda, bizim kəndi bir rusiyalıya çəkdirmişdim”

Sharing is caring!


“O vaxt Şuşaya su təchizatı Zarıslıdan, bir də Daşaltının yanındakı Əsgərdərəsi deyilən ərazidən çəkilirdi. Bizim kənd kiçik olsa da, sakinləri zəhmətkeş, mərd insanlar olub. Kərkicahan Xankəndinin ətəyində yerləşirdi, bizim kənddən uzaq idi. Amma Turşsu ilə Zarıslı yaxın idi”.

Bu sözləri Oxu.Az-a açıqlamasında 1959-cu il təvəllüdlü Şuşa şəhər Zarıslı kənd sakini Süleyman Heydər oğlu Məmmədov deyib.

Süleyman Məmmədov deyir ki, o vaxt orta məktəbə Turşsu kəndinə gedib, təhsilini orada başa vurub:

“Qaçqın düşənə qədər başqa heç bir yerdə qeydiyyatda olmamışam. Zarıslı kəndində anadan olub, orada böyüyüb-boya başa çatmışam. 40 evlik bir kənd idi. Şuşada şəhərin özündə radio zavodu var idi, orada çalışmışam. Turşsu kəndi bizim kənddən bir az böyük idi. Çox vaxt məktəbə piyada gedirdik. Amma Kərkicahan kəndinə getmək üçün gəlib Şuşaya Xankəndidən keçib getmək lazım idi, ya da Qaybalı kəndindən getmək lazım idi. Zarıslı camaatı dolanışıqla əlaqədar işləmək üçün Ağdama, Şuşaya gedirdilər. Sovet dövründə Daşaltı kəndi ilə Zarıslının o vaxt kənd soveti eyni olub. Amma kolxoz kimi Xankəndidən keçib gedilən Malıbəyli kəndi ilə eyni idi. Yayda o kəndin mal-qarası gəlib bizim kəndin yaylağında otlayırdı. Belə günlərimiz olub”.

S.Məmmədov deyir ki, bacı-qardaşlarının hamısı işğaldan sonra uzun illər torpaqlarımıza qayıdacağı günü gözləyib. Torpaq həsrətinə dözə bilməyən Süleyman bəy deyir ki, Rusiyada işləyərkən kəndlərinin son vəziyyətinin görüntülərini əldə edib:

“Rusiyaya işləmək üçün getmişdik. Bu ərəfədə bir rusiyalı Şuşaya gedəndə ona pul verdim ki, Zarıslı kəndinə getsin oraları bir çəksin gətirsin. Biz işğal ərəfəsində kənddən çıxanda Şuşa yolunu vururdular. Bizim kənddən itki olmamışdı, amma ondan sonra kənddən heç kimin xəbəri yox idi. Təxminən 2005-ci ildə həmin rusiyalı bizim kəndin videosunu çəkib gətirdi. Onda gördüm ki, 40 evdən bir bizim ata evi salamat qalıb. O da damı beton idi deyə yanmayıb, salamat qalıb. Sonra ermənilər damın böyür-başın düzəldib tövlə edib, mal-qara, ya da arı saxlayırmışlar. Bizim ömrümüzün ən gözəl günləri Zarıslıda keçib. Biz bu günə qədər inanmırdıq ki, ömür imkan verə Şuşanı yenidən görək. Allah prezidentimizin canını sağ eləsin. O olmasa, bir bu qədər insan qəlbində vətən həsrəti ilə dünyadan köçüb gedəcəkdi”.

“Biz Zarıslıya qayıtmaq üçün gün sayırıq. Allah şəhidlərimizə rəhmət eləsin. Tarix yazdılar. Allah şəhid ailələrinə səbir versin, biz hamımız o igid balalara, onları böyüdən valideynlərə borcluyuq. Torpaqlarımıza, ata evimizə qayıtmağı, əlbəttə, istəyirik. 30 il vətən həsrətimiz bitdi. Çətin günlər geridə qaldı. Bizim kənd Şuşadan 8-9 km məsafədədir. Turşsu da Laçınla Şuşanın arasındadır. Laçınla Turşsunun arasında dörd erməni kəndi var idi. İndi yolları düzəltdilər Laçının içərisindən gediş-gəliş bağlandı. Torpaqlarımız işğaldan azad ediləndən sonra iki dəfə Şuşaya gedib gəlmişəm. Allah nəsib eləsin bizim də ata yurdumuza qayıdışımız başlasın”, – deyə Süleyman Məmmədov deyib.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir