Cəmiyyət

“Sertifikatlaşmadan keçməyən müəllimə nəvəmi etibar edə bilmərəm” – RƏY + FOTO

Sharing is caring!


Son iki il ərzində 40 min nəfərə yaxın müəllim sertifikatlaşdırılma prosesində iştirak edib. Ən vacib təhsil islahatı olan sertifikatlaşdırılma həm də müəllim peşəkar keyfiyyətini üzə çıxarır.

Mövzu ilə bağlı Oxu.Az bir çox tanınmış ictimaiyyət nümayəndələrinin də fikirlərini alıb.

Akademik Rafiq Əliyev bildirib ki, sertifikatlaşdırılma təkcə ölkəmizdə deyil, inkişaf etmiş bütün ölkələrdə, demək olar ki, vacib sahələrdə həyata keçirilir:

“Sertifikatlaşmadan keçməyən müəllimin məktəbdə dərs deməsi qüsurlu olar. Dünya sürətlə dəyişir. Müəllim də cəmiyyətin gələcəyini yaradan insandır. Ona görə də sertifikatlaşdırılmadan keçməyən müəllimlərimiz tədrislə məşğul ola bilməzlər. Qoy onlar əlavə işlərlə, texniki işlərlə məşğul olsunlar, amma tədrislə yox. Bu, mənim birmənalı rəyimdir”.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov da sertifikatlaşdırılma prosesini əhəmiyyətli hesab edir, bu prosesin müəllimlərin peşə hazırlığının artırılmasına və onların sosial müdafiəsinin gücləndirilməsinə xidmət etdiyini söyləyir:

“Düşünürəm ki, bütün müəllimlər daim öz üzərində çalışmalı, yeni bilik və bacarıqlar qazanmalıdırlar. Sertifikatlaşmadan keçməyən müəllimə nəvəmi etibar edə bilmərəm”.

Millət vəkili Məlahət İbrahimqızının fikrincə, sertifikatlaşdırma ölkəmizdə təhsil sahəsində aparılan uğurlu islahatlardan biridir:

“Qloballaşan dünyamız o qədər sürətlə inkişaf edir ki, bu gün əldə etdiyimiz biliklər sabahla uzlaşmır. Ona görə də nəinki müəllimlər, bütün peşə sahibləri öz üzərində daim çalışmalıdır. Xüsusən də müəllimlər sertifikatlaşdırılmanı ciddi olaraq göz önünə almalıdırlar”.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov da müəllimlərin sertifikatlaşdırılmasını müsbət addım kimi qiymətləndirir:

“Ümid edirəm ki, bu proses gələcəkdə bütün müəllimlərimizin daha da uğurlu fəaliyyəti üçün müvafiq zəmin yaradacaq”.

Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu düşünür ki, sertifikatlaşdırmadan uğurla keçən müəllimlərin əməkhaqlarının artırılması təhsilverənlər üçün əlavə motivasiya yaradacaq:

“Nəticədə müəllimin əməkhaqqı yüksəldikcə təhsilin keyfiyyəti də artacaq”.

Aytac Qasımova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir