Cəmiyyət

İctimai TV 18-ci yaşını qeyd edir – VİDEO

Sharing is caring!


Bu gün 29 avqust 2005-ci ildən fəaliyyətə başlayan İctimai Televiziyanın (İTV) 18 ili tamam olur.

Oxu.Az xatırladır ki, telekanal 18 illik fəaliyyəti dövründə çox böyük inkişaf yolu keçib, bir-birindən maraqlı layihələrə imza atıb və geniş tamaşaçı auditoriyasının sevgisini qazanıb. Ümumi efir vaxtının 65 faizini ölkədə istehsal olunan proqramlar, 30 faizini xaricdə istehsal olunan proqramlar, 5 faizini şəxsi istehsal proqramları təşkil edir.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin yayım dilinin 80%-ini dövlət dili olan Azərbaycan dili, 20%-ini isə əcnəbi dillər təşkil edir. 18 ildir Azərbaycan cəmiyyətinə şərəflə xidmət edən bu televiziya bundan sonra da öz missiyasını layiqincə davam etdirəcək.

İTV yarandığı gündən qərəzsiz, tərəfsiz, obyektiv informasiyaları, maraqlı, rəngarəng verilişləri ilə auditoriyanın rəğbətini qazanıb. Hər zaman dövlətin diqqət və qayğısını üzərində hiss edən televiziya həyatın müxtəlif sahələrinə dair verilişlərlə gündəmə gəldi. Bu gün də proqram siyasətində öz ənənəsinə sadiq qalır.

Azərbaycan vətəndaşlarının marağına xidmət edən televiziya milli mənəvi dəyərlərimizi qorumaq, plüralizmi inkişaf etdirmək yolunda səylərini davam etdirməkdədir. Televiziyanın daimi tamaşaçı və dinləyicilərinin qəlbinə yol tapan İTV və radio bundan sonra da hər mövsüm yeni formatlarda, yeni verilişlər, layihələrlə hazırladığı proqramlarla izləyicilərin və dinləyicilərin görüşünə gələcək.

Ölkədə yayımlanan digər telekanallarla müqayisədə bu gün İTV ona olan etimadı, bütün ümidləri doğruldub. İctimai Televiziya Azərbaycanın zəngin və rəngarəng efir məkanında tamamilə fərqli – ictimai yayım prinsiplərinə uyğun proqram siyasəti yürüdüb.

İTV Azərbaycan teleməkanına yeni nəfəs gətirib. Təbii ki buna rəhbərlik, düzgün idarəçilik və çalışqan kollektivin birgə əməyi sayəsində nail olunub. Telekanal öz ənənəsinə bu gün də sadiqdir. Bununla yanaşı kadr islahatları da televiziya məkanında yeniliklərə səbəb olan amillərdən biridir.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Balaş Qasımovdur. O, bu vəzifəyə 2022-ci ilin mayın 24-də yenidən seçilib. B.Qasımovun rəhbərliyindən sonra televiziyanın efirində rəngarənglik müşahidə olunur. Belə ki, İctimai televiziya və radioya yeni, cəmiyyətin qəbul etdiyi pozitiv aparıcılar cəlb olunub. 

Eyni zamanda, şirkətdə aparılan kadr islahatları da televiziyanın inkişaf etməsinə təkan verib. Belə ki, şirkətdə iş əmsalının yüksəldilməsinə xidmət etmək məqsədilə B.Qasımovun təqdimatına əsasən, yeni vəzifələr üzrə kadr təyinatı aparılıb. Həmçinin maarifləndirici verilişlərin sayının artması İTV-nin auditoriyasının genişlənməsi üçün şərait yaradıb.

44 günlük Vətən müharibəsi dönəmində də İctimai Televiziya informasiya müharibəsində ilk sıralarda yer alıb.

Oxu.Az kollektivi İTV-ni yaranmasının 18-ci ili münasibətilə təbrik edir, fəaliyyətində uğurlar arzu edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir