Cəmiyyət

“Sədərək”də mağazası su altında qalan sahibkarlara kömək ediləcək? – AÇIQLAMA + FOTO/VİDEO

Sharing is caring!


“Səhər saatlarında təxminən 20 dəqiqə ərzində şiddətli yağış yağıb. Nəticədə, “Sədərək” Ticarət Mərkəzinin bir hissəsini su basıb. Yağışın gücü o qədər çox olub ki, ticarət mərkəzindəki işlək nasoslar suyu çəkib çatdıra bilməyib. Mağazalara su dolub və mallara ziyan dəyib”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, “Sədərək” TM-in Mətbuat Xidmətinin rəhbəri Kəmaləddin Qədim məlumat verib. O qeyd edib ki, hazırda ərazidə dəyərləndirmə aparılır, sahibkarlara və mağazalara dəyən zərər araşdırılır:

“Təbii ki, mağazaların sığortası məsələsi də gündəmdədir. “Səkkizinci kilometr” bazarında yanğın, digər ticarət mərkəzlərində bu kimi hallar baş verəndə dövlət tərəfindən dəstək verilmişdi.

Sığorta problemi həmişə belə hadisələr zamanı aktuallaşır. “Sədərək” TM-in ərazisində öz mallarını sığortalayan sahibkarlar çoxdur. Onların zərəri sığorta şirkəti tərəfindən qarşılanacaq.

Bütün bunlara baxmayaraq, tərəfimizdən araşdırmalar aparılır. Sahibkarlara dəstəyimiz həmişə öz yerindədir, kömək ediləcək. Bundan əvvəl də dəfələrlə təbii hadisələr zamanı dağılan mağazaları ticarət mərkəzinin rəhbərliyi bərpa edib, sahibkarlara yenidən təqdim edib. Təbii ki, sahibkarlara başqa güzəştlərimiz də olacaq.

Belə təbiət hadisələri baş verəndə müəyyən qüsurlar, çatışmazlıqlar üzə çıxır. Qarşıdan payız, qış ayları gəlir. Ona görə daha ciddi tədbirlər görməyə çalışırıq ki, növbəti belə hadisələr baş verəndə sahibkarlara zərər dəyməsin, ya da ziyan az olsun”.

Mətbuat katibi onu da əlavə edib ki, yararsız hala düşən malların hansı məqsədlə istifadə ediləcəyi sahibkarların ixtiyarında olan məsələdir.

Qeyd edək ki, “Binə” və “Sədərək” ticarət mərkəzlərinin ərazisini su basıb, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunublar.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir