Cəmiyyət

Edillidə meyitinin qalıqları tapılan Əli Hüseynovun qardaşı: “Anam-atam yolunu gözləyə-gözləyə öldü” – FOTO

Sharing is caring!


“Anası gözləri yolda öldü. O da çox istəyirdi ki, heç olmasa bir tikəsi də olsa, tapılsın. Bu ağır dərdlə də dünyasını dəyişdi”.

Bu sözləri APA-ya Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkarlanan meyit qalıqlarından birinin məxsus olduğu Füzuli rayonunun Yuxarı Yağlıvənd kənd sakini və 1993-cü il avqustun 6-da Füzuli rayonunun Gövşaltı kəndi ərazisində itkin düşmüş Əli Heydər oğlu Hüseynovun qardaşının həyat yoldaşı deyib.

Hazırda Beyləqanda yaşayan yaxınları bildirib ki, I Qarabağ müharibəsi başlayan ilk gündən yaranan döyüşçü qrupuna qatılan Əli əvvəlcə doğma kəndi Yağlıvəndin müdafiəsi üçün vuruşub.

“Biz də daim onun yolunu gözləyirdik. Həmişə gedib uğurla qayıdırdılar. Çox ağır idi, tez-tez kəndimizə hücumlar olurdu. Hər döyüşdə iştirak eləyirdi. Çox cəsur oğlan idi, qəhrəman idi. Həmişə döyüşlərdə irəli gedən oğullardan biri olub. 1993-cü ildə avqust ayında döyüşlərə getdi və qayıtmadı. O gündən bu günə kimi onu həmişə axtarmışıq, bir xəbər çıxmayıb. Təsadüfən Məhərrəmlik vaxtı onun haqqında bir xəbər aldıq. Bu peyğəmbərlərin anıldığı gündə o da bir mələk olub, göyə qalxıb. Bu aylarda xəbəri bizə gəlib çatdı. Çox sevindik. Anası da onun yolunu gözləyə-gözləyə dünyasını dəyişdi”.

Əlinin qardaşı Müşfiq Hüseynov isə bildirib ki, avqust ayının ortalarında onlara analizlərin uyğun gəlməsi barədə məlumat verilib: “İki-üç gün sonra da mətbuata açıqlandı ki, həqiqətən Hüseynov Əlinin nəşi tapılıb”.

Müşfiq Hüseynovun sözlərinə görə, qardaşının I Qarabağ müharibəsinə qatıldığı günlərdə hələ Milli Ordu formalaşmamışdı: “Sonradan kənddə batalyon yarandı. Onların mövqeləri Divanalılar istiqamətində idi. Amma 1993-cü ilin avqust ayında hücum olub. Qardaşım bölüyü ilə birgə orada döyüşdə olub və uğurlu əməliyyat alınıb”.

Lakin bu uğurlu əməliyyatdan sonra həmin istiqamətdə gedən digər döyüşlərə qatılan Əli Hüseynov geri qayıtmır:

“Əli hücum əməliyyatının səhəri günü təşkil edilən digər döyüşdə öz bölüyü ilə yox, başqa uşaqlarla gedib və geri qayıtmayıb. Orada deyilənə görə mina partlayıb, minanı zərərsizləşdirirmiş. O gecədən sonra xəbər ala bilməmişik. Bu günə kimi axtarmışıq. Gözümüz yolda olub. Hər yerdə axtarmışıq. 2009-cu ildə anam, 2014-cü ildə atam onun yolunu gözləyə-gözləyə rəhmətə getdi”.

Müşfiq Hüseynov qardaşının meyitinin qalıqlarının yaxın günlərdə onlara veriləcəyini bildirilib.

Qohumu Davud Məmmədov isə Əli Hüseynovun könüllü olaraq döyüşlərə qatıldığını bildirib: “Axırıncı döyüşdən geri qayıtmadı, nə ölüsü, nə də dirisi bilindi. Dünən eşitdik ki, Edilli kəndində olan 15 şəhidimizin nəşinin içində qohumum Əli Hüseynovun da nəşi var. Biz onda uşaq idik. Bir gün eşitdik ki, Əli döyüşə gedib və itkin düşüb. Bu günə qədər də axtarırdıq, amma tapmırdıq. Çox sağ olsun dövlətimiz, onun nəşini tapdı. İndi gözləyirik ki, təhvil verilsin, özümüz aparaq, dəfn edək”.

Qeyd edək ki, 2020-ci ilin noyabr ayından bəri işğaldan azad edilmiş ərazilərdə 500-ə yaxın şəxsə aid insan meyit qalıqları tapılaraq götürülüb. Onlardan 15-nin şəxsiyyəti artıq müəyyən olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir