Cəmiyyət

“Azərbaycan bank kartlarının xarici ölkələrdə istifadəsinin hansı üstünlükləri var?” – RƏY + FOTO

Sharing is caring!


Azərbaycandan xaricə turist kimi səfər edənlər bank kartlarını orada da rahat şəkildə istifadə edirlər. Əgər vətəndaşlarımız əvvəllər xaricə gedəndə nağd pula daha çox üstünlük verirdilərsə, indi tam əksidir.

Bəs görəsən, Azərbaycanın bank kartlarının xarici ölkələrdə istifadəsinin hansı üstünlükləri var? Bunun iqtisadiyyatımıza müsbət və ya mənfi təsiri ola bilərmi?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən ekspert Əkrəm Həsənov Azərbaycanın bank kartlarının xarici ölkələrdə istifadəsinin iqtisadiyyatımıza birbaşa təsirinin olmadığını vurğulayıb:

“Bu, artıq çoxdan belədir. Xaricə səfər edənlər nağd pul demək olar ki, götürmürlər. Vətəndaşlarımız sırf rahatlıqları üçün bank kartlarında istifadə edirlər. Üstünlük yalnız buna görədir. İqtisadiyyatımıza birbaşa təsiri yoxdur. Nağd pulun itmə və oğurlanma ehtimalı var. Kartdan istifadə edəndə pulu birbaşa nağd şəkildə dəyişməyə ehtiyac yoxdur. Rahatlığın tərəflərindən biri də budur. Başqa bir üstünlüyü yoxdur.

Aparıcı Avropa ölkələrində nağd pul ilə nə isə almaq mümkün deyil. Kart tələb edirlər. Eyni zamanda bir sıra Avropa ölkəsində valyuta almaq bizdəki kimi deyil. Banklar xarici valyuta əməliyyatları aparmırlar”.

İqtisadçı Fuad İbrahimov isə qeyd edib ki, bank kartları ilə aparılan əməliyyatlar iqtisadiyyatın şəffaflığına gətirib çıxarır:

“Yaxşı olardı ki, pullar Azərbaycanda istifadə olunsun. Xaricdə əməliyyat etdikdə həmin ölkənin iqtisadiyyatını stimullaşdırırıq. Bu kapital axınının bir növüdür. Bu nöqteyi-nəzərdən dövriyyəni nəzarətdə saxlamaq mümkün olur.

Bank kartları təhlükəsizlik və rahatlıqdır. Ödədiyi vəsaitin qəpiyinə qədər dəqiq əməliyyat aparır. Kartda istifadədə ortalıqda itən iki-üç qəpik sıfırlanır. Qlobal şəkildə Azərbaycan iqtisadiyyatına xeyri olmasa da, mexanizm şəffaf şəkildə aparılır. Bank kartlarından istifadə şəffaf mexanizmin təkmilləşdirilməsi istiqamətində bir yoldur”.

İqtisadçı-ekspert Asif İbrahimovun sözlərinə görə, Azərbaycan vətəndaşının ölkədən valyuta çıxarması nəzarət altına alınmalıdır:

“Bir çox Azərbaycan vətəndaşı kimi biz də xarici ölkələrə səfər edərkən bank kartlarından istifadə edirik. Vətəndaş həmin vəsaiti Azərbaycanda qazanır. Lakin vəsait ölkədən xaricə çıxır. Artıq qazancımız həmin ölkənin vəsaitinə çevrilir. Üstünlükləri yoxdur. Azərbaycan vətəndaşının ölkədən valyuta çıxarması nəzarətə alınmalıdır. Yaxşı olar ki, vətəndaşlar vəsaitlərini Azərbaycanda xərcləsinlər, ölkəmizin turistik yerlərinə səfərlərə üstünlük versinlər”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir