Siyasət

“Mənsimov-İbadoğlu-FETÖ üçbucağına Azərbaycanın dövlət təhlükəsizliyi kontekstində baxılmalıdır” – RƏY + FOTO

Sharing is caring!


“Mübariz Mənsimov-Qubad İbadoğlu-FETÖ üçbucağına Azərbaycanın dövlət təhlükəsizliyi kontekstində baxılmalıdır”.

Bunu “Report”a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, FETÖ terror təşkilatının nə qədər təhlükəli olduğu Türkiyədə 15 iyul 2016-cı il hadisələrində əyani şəkildə ortaya çıxıb:

“Din pərdəsinə bürünmüş bu şəbəkənin məqsədi dövləti daxildən ələ keçirmək və qlobal güclərin idarəçiliyi altına salmaqdır. Bu məqsəd naminə sivil insanları qətlə yetirməkdən də çəkinmirlər. FETÖ-nün təkcə Türkiyə üçün yox, mövcud olduğu bütün ölkələr üçün potensial təhlükə olduğu da unudulmamalıdır. 2016-cı ildə Türkiyədəki çevriliş cəhdləri uğursuz olandan sonra şəbəkə “yer altına” çəkildi və “yoxa çıxdıqları” görüntüsünü yaratdı. Bu, onlara yenidən təşkilatlanmaq və hərəkətə keçmək üçün lazım idi. Lakin son dövrdə baş verənlər təsdiq edir ki, FETÖ təhlükəsi var və hər keçən gün daha da artmaqdadır”.

“Birincisi, Türkiyədə FETÖ-yə qarşı keçirilən əməliyyatların sayı bunu təsdiq edir. Rəsmi məlumatlara görə, son iki ayda 1000-ə yaxın əməliyyat keçirilib, FETÖ-nün gizli hücrələri ifşa olunub. İkincisi, bir sıra ölkələrdə, xüsusilə Mərkəzi Asiya ölkələrində dövlətə qarşı baş verən hadisələrin arxasında FETÖ izi ilə bağlı məlumatlar var. Üçüncüsü, Azərbaycanda FETÖ şəbəkəsinə qarşı keçirilən əməliyyatda partiya sədri Qubad İbadoğlunun bu şəbəkə ilə əlaqələrinə dair detallar ortaya çıxdı”, – siyasi şərhçi qeyd edib.

Siyasi şərhçi xatırladıb ki, bu kimi hadisələr FETÖ-nün yenidən aktivləşdiyini deməyə əsas verir:

“Lakin əsas diqqətçəkən məqam şəbəkənin taktiki dəyişiklik etməsinə dair müşahidələrdir. Türkiyədə çevriliş cəhdinə qədər FETÖ mövcud olduğu dövlətlərdə milli hakimiyyətlərə qarşı daxildən hərəkət edirdi, amma bu hadisədən sonra Türkiyə və Azərbaycanda olduğu kimi, digər ölkələrdə də şəbəkənin dövlət içindən təmizlənməsi istiqamətində ciddi addımlar atıldı. Məhz bu məqamda FETÖ-nün siyasi müxalifət qanadındakı şəbəkəsini aktivləşdirdiyi, dövlətin ələ keçirilməsi prosesini “seçki”, yaxud “siyasi mübarizə” adı altında həyata keçirdiyini deyə bilərik. Türkiyədə prezident seçkiləri zamanı Məmləkət Partiyasının namizədi Məhərrəm İncəyə qarşı kaset əməliyyatının arxasında FETÖ-nün olması bunu təsdiq etdi. Bu kontekstdə Qubad İbadoğlunun FETÖ əlaqələri ön plana çıxır. Belə qənaətə gəlmək olar ki, Azərbaycanda dövlət içində zəifləyən FETÖ siyasi müxalifətdəki şəbəkəsini aktivləşdirir”.

A.Nərimanlı vurğulayıb ki, bütün bunların fonunda FETÖ-yə bağlı iş adamları diqqətdən yayınmamalıdırlar:

“Bilirik ki, azərbaycanlı iş adamları arasında FETÖ-yə yaxınlığı ilə bilinən şəxs Mübariz Mənsimovdur. Hətta buna görə Türkiyədə məhkəmə önünə də çıxmışdı. FETÖ-nün aktivləşdiyi vaxt Azərbaycanla bağlı planlarında Mənsimovu yenidən dövriyyəyə daxil etməyəcəklərinə zəmanət yoxdur. Bu baxımdan, Qubad İbadoğlu-Mübariz Mənsimov-FETÖ üçbucağına, yəni FETÖ-nün siyasi və biznes şəbəkəsinə diqqət etmək lazımdır. Nəzərə alsaq ki, FETÖ-nün hədəfi bütün dövləti ələ keçirməkdir, o zaman, bu məsələyə Azərbaycanın dövlət təhlükəsizliyi kontekstində baxılmalıdır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir