Cəmiyyət

Nyu-Yorkda miqrant böhranı yaşanır – FOTO

Sharing is caring!


Əhalisinin sayına görə Amerika Birləşmiş Ştatlarının (ABŞ) ən böyük şəhəri hesab olunan Nyu-York miqrant böhranı ilə üz-üzədir.

“Report”un ABŞ bürosu xəbər verir ki, son bir ayda Meksika sərhədindən ABŞ-a keçərək sığınacaq axtaranların sayı görünməmiş həddə çatıb. Son bir həftə ərzində Nyu-Yorka axın edən minlərlə miqrant sığınacaq yeri olmadığı üçün küçələrdə gecələyir.

Nyu-York rəsmilərinin açıqlamasına görə, 2022-ci ilin yazından bəri şəhərə təxminən 100 min miqrant axın edib. Problem mediada işıqlandırılandan sonra hərəkətə keçən şəhər rəsmiləri hazırda sığınacaq axtaran 57 mindən çox şəxsi şəhərdə yerləşdirmək üçün çalışır.

Nyu-Yorkun meri Erik Adams şəhərin Manhetten adasının Midtaun səmtində otellərin önündə gecələyən miqrantları sığınacaqla təmin etmək üçün mexanizmlər üzərində çalışıldığını açıqlayıb. O bildirib ki, miqrantları köçürməyə çalışarkən ştatın digər bölgələrinin müqaviməti ilə qarşılaşıb.

ABŞ-ın başqa ştatlarında sığınacaq axtarmağa davam etdiyini deyən şəhər meri Ağ Evlə daimi əlaqə saxladığını, miqrantların qanuni işləməsinə imkan verən mexanizmlər üçün də hərəkətə keçdiyini deyib.

Ətraf şəhər və ştatlarda fəaliyyət göstərən müxtəlif xeyriyyə cəmiyyətləri Nyu-Yorka sığınan miqrantlara yardımlar göndərirlər.

ABŞ Gömrük və Sərhəd Mühafizəsi Agentliyinin rəsmi rəqəmlərinə görə, qeyri-qanuni miqrantlar üçün ən vacib marşrut hesab olunan Meksika sərhədindən ABŞ-a keçənlər arasında Latın Amerikası ölkələrinin vətəndaşları üstünlük təşkil edir.

Amerikaya qeyri-qanuni yollarla gələnlər arasında Türkiyə vətəndaşları da var. Dövlət rəsmilərinin yaydığı statistikada qeyd olunur ki, 2022-ci ildə ABŞ-a qanunsuz keçən hər 1 000 nəfərdən 7-si Türkiyə vətəndaşıdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir