Cəmiyyət

Qusarda qazıntı yerindən qədim tayfa başçısının möhürü tapıldı – VİDEO

Sharing is caring!


Qusarda aparılan arxeoloji qazıntılar zamanı beş məişət quyusu, bir təndir, ocaq yeri, tikinti qalıqları, məişət əşyaları ilə yanaşı, qədim tayfa başçısına aid iki müxtəlif möhür də tapılıb.

Bu açıqlamanı Bizim.media-ya Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji xidmət və yeni tikinti sahələrinin arxeoloji tədqiqi şöbəsinin müdiri, Qusar ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev verib.

O, Qusarın Bədirqala kəndi ərazisində yerləşən Qızılgül təpələri abidəsində aparılan arxeoloji qazıntıların davam etdirildiyini açıqlayıb.

Qeyd edib ki, tarixi abidədə aparılan fundamental qazıntılar zamanı maraqlı məişət əşyaları tapılıb.

Onun sözlərinə görə, adətən belə qazıntılar zamanı  məişət əşyaları sınıq və qırıntılar şəklində tapılır, saf, bütöv halda isə yalnız  qəbirlərdə aşkar edilir. 

“Bu dəfə maraqlı haldır ki, saxsı qabın qapağı və şamdan bütöv, yəni saf halda tapılıb. Bu, çox nadir hallarda belə tapılır” – deyə Qusar ekspedisiyasının rəhbəri vurğulayıb.

Q.Ağayev bir müddət əvvəl Qızılgül təpələri abidəsini buldozerlə dağıdan üzdəniraq qızılaxtaran şəxslərin məsuliyyətsiz hərəkətləri barədə artıq hüquqi ölçü götürülməsinin vacibliyini vurğulayıb:

“Mən uzun illərdir arxeoloji qazıntı aparıram, tarixi abidə yerindən qızıl tapmamışam. Demirəm ki, Azərbaycanda qızıl yoxdur, var. Varlanmaq istəyən bu qızılaxtaranlar da əsasən əzəmətli abidələrimizə üz tutur, onları dağıdır, məhv edirlər. Olmaz, belələri barəsində ciddi tədbirlər görülməlidir ki, onlar çirkin əllərini tarixi abidələrimizdən çəksinlər”.

Q.Ağayev ilkin olaraq Qızılgül təpələri abidəsinin III-VIII əsrlərə, ilk orta əsrlər dövrünə təsadüf etdiyini deyib:

“Arxeoloji tədqiqatlar bu abidənin daha qədim, antik dövrlərə gedib çıxdığını təsdiqləyir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir