Cəmiyyət

Deputat: “Azərbaycan gəncliyi universal qərarların icrasında fəaldır” – ŞƏRH

Sharing is caring!


“1998-ci ilin avqust ayında Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransdan sonra hər il 12 avqust tarixi gənclərə lazımi diqqət göstərmək, onların inklüzivliyini artırmaq, nailiyyətlərini təbliğ etmək, habelə cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədilə bütün dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunur. Həmin günün qeyd olunması ilə bağlı beynəlxalq sənəd 17 dekabr 1999-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 54/120 saylı qətnaməsinə əsasən qəbul olunub”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

O bildirib ki, ümumiyyətlə, hər bir xalqın davamlı və xoşbəxt gələcəyinin təmin olunması ilk növbədə gənc nəslin düzgün yetişdirilməsi, gənclərin milli-mənəvi dəyərlərə, doğma dillərinə, adət-ənənələrinə olan dərin hörməti ilə bağlıdır:

“Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir”.

Azərbaycan gəncliyi daim ölkənin ictimai-siyasi həyatında lokomotiv rolunu oynayaraq dövlətçiliyin qurulması, möhkəmləndirilməsi və inkişafı mərhələsində öz bilik, bacarıqları ilə bu proseslərdə iştirak etməklə Vətənə, dövlətə bağlılıqlarını, eləcə də Vətənin qorunmasının hər zaman ali hədəf olduğunu bu uzun müddət ərzində mənimsəyib.

Nəhəng və özünəməxsus könüllülük adət-ənənələrinə malik Azərbaycan gəncliyi artıq uzun illərdir xalqımızın milli mənəvi dəyərlərinin yaşadılması və milli birliyimizin möhkəmlənməsi işində səylərini əsirgəmir.

Belə ki, ulu öndər Heydər Əliyevin dəstəyi ilə 1999-2001-ci illərdə Azərbaycanda ilk dəfə Birləşmiş Millətlər Təşkilatının könüllülük prinsiplərinə əsaslanan layihəsi həyata keçirilib. Azərbaycanda BMT könüllülük ənənələrinin əsasını qoymuş bu yanaşma gənclərimizin ölkəmizdə könüllülük fəaliyyətinin əsasını yaradıb.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən yeni müstəvidə uğurla davam etdirilərək istər gənclərin mədəni-sosial həyatının təşkili, istərsə də onların elmi, vətənpərvərlik biliklərinin müasir çağırışların tələblərinə uyğunlaşdırılması istiqamətində böyük işlər görülüb. Xüsusilə də Azərbaycan gənclərinin qlobal-siyasi debatlarda iştirakı, habelə yeni platformalarda özlərinin aktiv rolu Azərbaycan gəncliyinin böyük potensialının varlığını bu gün də təsdiq edir.

Azərbaycan dünya gənclər siyasətinin müəyyənləşməsində on ildən artıq bir müddətdə yaxından iştirak edir. Ölkəmizin bu sahədə əldə etdiyi uğurlu təcrübəni dünyada fəaliyyət göstərən qlobal gənclər institutları yüksək qiymətləndirərək 2014-cü ildə ilk dəfə olaraq bütün dünyanın, BMT-yə üzv olan ölkələrin, gənclər siyasəti ilə məşğul olan dövlət, qeyri-dövlət mütəxəssislərinin, nazirlərin iştirakı ilə “Gənclər Siyasəti üzrə birinci Qlobal Forumu”nun (“1st Global Youth Policy Forum”) məhz ölkəmizdə keçirilməsini dəstəkləyiblər”.

Məzahir Əfəndiyev əlavə edib ki, BMT-nin baş katibinin yanında fəaliyyət göstərən Gənclər Ofisi, Avropa Şurasının Gənclər Departamenti, UNESCO, BMT İnkişaf Proqramının, eləcə də gənclər siyasəti ilə məşğul olan regional ofislərin iştirakı ilə 2014-cü ilin 28-30 oktyabr tarixlərində Bakı şəhərində keçirilmiş bu qlobal Forumda dünyada gənclər siyasətinə dair “Bakı Kommünikesi” adlandırılan sənəd qəbul olunub:

“Həmin görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məzmunlu və əhatəli nitq söyləyib. Prezidentin “Gənc nəslimiz innovasiyalarla bağlı məsələlərdə fəal iştirak edir. Gənc nəsil çox yaradıcıdır, dinamikdir” sözləri Azərbaycan gəncliyinin hər zaman innovasiyalara, yeniliklərə, müasir çağırışlara hazır olduğunun əyani sübutudur.

Son illərdə Azərbaycan gəncliyi özünü beynəlxalq platformalarda daha da yüksək səviyyədə təqdim etməyi bacarıb. Azərbaycanda Milli BMT Modeli (MUN) hərəkatının yaradılması bilavasitə bilikli, savadlı Azərbaycan gəncliyi üçün bütün dünyanın mütərəqqi institut və təsisatlarına yol açıb, sovet dönəmində belə mövcud olan könüllülük hərəkatını müasir müstəqillik tariximizdə nəinki qoruyub-saxlayıb, onun ən yeni formada ölkənin inkişaf prosesində iştirakını təmin edə bilib.

Bu gün Azərbaycanda könüllü ordusu, əsasən, gənclərdən ibarətdir. Gənclərimiz hər bir sahədə aparılan işlərdə yaxından iştirak edir, həmin sahələrin inkişaf etdirilməsinə, o cümlədən bir sıra mötəbər və irimiqyaslı beynəlxalq tədbirlərin ölkəmizdə yüksək səviyyədə keçirilməsinə öz töhfələrini verirlər. Bu fəaliyyətə ən böyük qiyməti Birinci Avropa Oyunları keçirilən zaman Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva verib. Mehriban xanımın Oyunların bağlanış mərasimində səsləndirdiyi kimi, “Mən gözəl könüllülərimizə minnətdarlığımı bildirmək istəyirəm. Siz olmadan biz bu tədbiri keçirə bilməzdik. Ölkəmizin böyük gələcəyi olan bu cür istedadlı gəncləri var”.

2018-22-ci Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyinin birgə həyata keçirdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformalar yaradılması” layihəsi çərçivəsində Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlərin seçilməsi gənclərin qlobal məsələlərdə aktiv iştirakını, eləcə də qlobal çağırışların yerli səviyyədə uğurlu icrasını təmin edən əsas təşəbbüslərdən biri oldu.

Keçdiyimiz aylarda isə, 18-22 iyul tarixlərində dünyamız qlobal gənclər platformasında Azərbaycanın ev sahibliyi ilə reallaşdırılan yeni, böyük tarixi həmrəylik təşəbbüsünə şahidlik etdi. Qoşulmama Hərəkatına sədrlik edən dövlətimizin təşəbbüsü ilə Hərəkata üzv dövlətlərin Gənclər Şəbəkəsinin Sammiti keçirildi. Bu gün QH-nin Gənclər Şəbəkəsinin yaradılması, eyni zamanda, Azərbaycanın günümüzün ən əhəmiyyətli inkişaf sənədi olan “2030-cu ilədək Davamlı İnkişaf sahəsində Gündəliyin” 17-ci Məqsədinin əsas çağırışı olan qlobal tərəfdaşlığın gücləndirilməsi çağırışına cavab verən fəaliyyətinin nəticəsidir”.

Deputat qeyd edib ki, keçən müddət ərzində Azərbaycan gəncliyi universal qərarların icrasındakı fəallıqları ilə yanaşı, eyni zamanda vətənpərvərlik, dövlətə sədaqət, habelə ictimai-siyasi məsələlərə fəal yanaşma baxımından çox yüksək səviyyədə inkişaf etmişdir. Azərbaycan gəncliyinin mübarizliyinin bariz nümunəsi 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun böyük Zəfər qazanmasıdır:

“Ali Baş Komandan, böyük sərkərdə, Prezident İlham Əliyevin vurğuladığı kimi, məhz müstəqillik dövründə yetişmiş bu Azərbaycan gəncliyi Azərbaycanın 30 il işğal altında qalan torpaqlarının geri alınmasnda öz canlarını fəda edib öz qanı bahasına şücaət nümayiş etdirib.

Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, bu gün də arxa cəbhədə, diplomatik mübarizədə yüksək fəallıq göstərir, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında fəal iştirak edir, Azərbaycanın de-yure qələbəsinin reallaşmasında yüksək əzmkarlıq nümayiş etdirirlər.

Bu baxımdan, bütün Azərbaycan gəncliyini 12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə səmimi qəlbdən təbrik edir və inanıram ki, gənclərimizin qlobal çağırışlarda, habelə qlobal gündəliyin icrasında iştirakçılığı bundan sonra da ikitərəfli və çoxtərəfli əməkdaşlıqlarla davam etdiriləcək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir