Cəmiyyət

Bakıda tarixi bina sökülür? – FOTO

Sharing is caring!


Bakının Əlimərdan bəy Topçubaşov küçəsi, 77 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi sayılan ilk ixtisaslaşdırılmış xəstəxana binasının yarısını söküblər.

Bu barədə tanınmış memar, sənətşünaslıq üzrə elmlər doktoru, professor Elçin Əliyev sosial şəbəkədə paylaşım edib.

O qeyd edib ki, keçmiş Mixaylovskaya xəstəxanası, indiki Bakı şəhəri 1 saylı Doğum Evi olan bina Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov küçəsində yerləşir:

“Bina 1888-89-cu illərdə “Nobel Qardaşları” şirkətinin vəsaiti hesabına tikilib. Layihənin müəllifi alman memar Nikolaus fon der Nonnedir. Xəstəxananın təntənəli açılışı 1889-cu il noyabrın 8-də olub və uzun illər bu xəstəxana Bakı sakinlərinə xidmət edib. Dövlət tərəfindən qorunan memarlıq abidəsinin düz yarısı sökülüb”.

Memar iddia edib ki, söküntü işi yaxın ərazidə yeni tikilən müasir bina üçün dayanacaq yaratmaq məqsədilə aparılıb.

Məsələ barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə əlaqə saxladıq. 

Xidmətdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, son illər ərzində paytaxtın hər hansı hissəsində tarixi abidənin sökülməsi faktı qeydə alınmayıb:

“Tarix-memarlıq abidələrinin mühafizəsi işi aidiyyəti dövlət orqanlarının ciddi nəzarətindədir”.

Qeyd edək ki, keçmiş Mixaylovskaya xəstəxanasının binası “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”ndadır (inventar nömrəsi 3006).

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir