Cəmiyyət

Əsir anası: “Soruşdum ki, oğul, nə yeyib-içirsən?”

Sharing is caring!


“Oğlumun zəng edəcəyini gözləmirdim. Ümidim qırılmışdı, çarəsiz idim. Balamı sağ-salamat gördüm. Onun videozəng etdiyini görəndə sevincdən az qala ürəyim dayanmışdı”.

Bunu Modern.az-a açıqlamasında Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Aqşin Bəbirovun anası Dürdanə Bəbirova deyib.

“Telefon zənginə sevinsəm də, onun gəlişini gözləyirdim. Saniyələri iplə çəkdim. Artıq bədənim dərman və iynəni qəbul etmir. Ümidsiz qalmışdıq. Qızıl Xaç Komitəsinə hər gün zəng edib, niyə oğlumdan xəbər olmadığını soruşurduq. Nəhayət, istəyimizi yerinə yetirdilər. Şükürlər olsun, oğlumu gördüm, səsini eşitdim. Aqşindən soruşdum ki, oğul, necəsən, nə edirsən, nə yeyib-içirsən? O da dedi: “Ana, narahat olma, yeməyimiz var, hər şey yaxşıdır, səbirli olun, gələcəyəm”. Oğlumun səsini eşidəndə kövrəlməmək mümkün deyil. Bacıları da, mən də Aqşinin yolunu gözləyirik”, – deyə əsir hərbçinin anası söyləyib.

O, övladının tezliklə əsirlikdən azad olunması üçün gecə-gündüz dualar etdiyini deyib:

“Nə qədər sevinsəm də, balamın gəlişini gözləyirəm. Təəssüflənirəm ki, artıq əsirlikdə olmaları beş aya keçir. Niyə və nə səbəbə? Çox narahatıq. Axı nə qədər gözləməliyik? Tezliklə balamı vətəndə görmək istəyirəm. Ümidimiz cənab Prezidentədir. Dözə bilmirik artıq. Bizə dəstək olub, kömək edən yoxdur. Dərman belə ala bilmirik”.

Qeyd edək ki, ötən gün Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Aqşin Qabil oğlu Bəbirov ailəsi ilə əlaqə saxlayıb.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının (NMR) Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri – 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov Ermənistan tərəfindən əsir götürülüb.

Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunaraq həbs ediliblər. Qondarma məhkəmə prosesində Aqşin Bəbirova 11,5 il, Hüseyn Axundova isə 20 il müddətinə həbs cəzası verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir