Cəmiyyət

Deputat: “III MDB Oyunlarının Gəncədə keçirilməsi regionun turizm həyatında da canlanma yaradacaq” – FOTO

Sharing is caring!


“2025-ci ildə MDB ölkələrinin III Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi barədə qərarın verilməsi mühüm hadisədir. Dövlətimizin artıq beynəlxalq yarışların təşkil olunmasında böyük təcrübəyə sahib olduğunu nəzərə alsaq, MDB ölkələrinin III Oyunlarının da yüksək səviyyədə keçiriləcəyini indidən söyləmək olar. Bu yarışın paytaxt Bakıda deyil, Azərbaycanın digər ikinci böyük şəhəri olan Nizami yurdunda keçirilməsi isə xüsusi əhəmiyyətə malikdir. Düşünürəm ki, bu, yerində verilmiş bir qərardır. Çünki Gəncə beynəlxalq yarışlara ev sahibliyi edə biləcək iqtidardadır”.

Bu barədə Oxu.Az-a Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərov bildirib.

Azərbaycanın Bakıdan sonra ikinci ən böyük şəhəri olan Gəncədə bu məqsədlə yeni müasir kompleks tikildiyini xatırladan millət vəkili əminliklə qeyd edib ki, beynəlxalq idman yarışlarının regionlarda keçirilməsi bölgədə turizm sahəsinin inkişafına da müsbət təsir edəcək:

“MDB ölkələrinin üçüncü Oyunlarının Gəncə şəhərində keçirilməsi hər baxımdan faydalı olacaq. Birincisi, paytaxt Bakı illərdir bu tip yarışlara ev sahibliyi edərək yüklənirdi. Beynəlxalq idman yarışının bölgədə keçirilməsi paytaxtın yükünü azaldacaq. İkincisi, Gəncə şəhəri və ətrafı böyük turizm potensialına malikdir. Bu yarışların Azərbaycanın ikinci böyük şəhərində keçirilməsi Gəncənin turizm həyatında daha da canlanma yaradacaq. Bütün hallarda bu oyunun şəhərimizdə təşkili çox faydalı olacaqdır. Onu da qeyd etməliyik ki, Gəncədə yeni müasir idman kompleksi tikilir. Bu kompleks Cənubi Qafqazda ən böyük və əzəmətli idman mərkəzi hesab oluna bilər. III MDB Oyunları çərçivəsində bir çox yarışlar məhz bu idman kompleksində təşkil olunacaq”.

Gəncəli deputat vurğulayıb ki, Azərbaycanın hər yerində olduğu kimi Gəncə şəhərində də idmana dövlət səviyyəsində yüksək diqqət və qayğı var:

“Bu gün Azərbaycanda idmanın inkişafı həqiqətən də heyrətamiz bir dinamika ilə davam etməkdədir. Bu sahədə son illər əldə olunmuş uğur və nailiyyətlər ölkəmizin dünyanın idman mərkəzlərindən birinə çevrilməsinə zəmin yaradıb. Başda Prezident İlham Əliyev olmaqla Azərbaycan dövlətinin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində ölkəmizdə idmanın kütləviləşməsi prosesi davam edir. Azərbaycanda idman sahəsində reallaşdırılan dövlət siyasəti, o cümlədən maddi-texniki bazanın möhkəmləndirilməsi, müasir Olimpiya İdman komplekslərinin və digər idman qurğularının inşası indiyədək görünməmiş bir vüsət alıb. Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsində Azərbaycan idmanı öz inkişafının tamamilə yeni, keyfiyyətcə daha yüksək mərhələsinə qədəm qoyub. O cümlədən, Gəncə şəhərinin idman həyatı bu inkişafdan öz payını alıb. Bu gün Gəncədə yüksək səviyyəli idman qurğuları və obyektləri fəaliyyət göstərir ki, bu da bir çox yarışlara yüksək səviyyədə ev sahibliyi etmək imkanı yaradır”. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir