Cəmiyyət

Azad olunmuş ərazilərdə daşınmaz əmlak obyektlərinə xidmət haqqına 50% güzəştin tətbiqinə başlanılır

Sharing is caring!


Bu gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib, daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastrı xidmətləri üzrə tariflər təsdiq edilib.

Tarif Şurasının məlumatına əsasən, yeni tariflərlə bir sıra güzəştlər nəzərdə tutulur. Bu güzəştlər çərçivəsində şəhid ailəsi üzvlərinin, hərbi əməliyyatlar nəticəsində əlil olmuş hərbi qulluqçu və mülki şəxslərin daşınmaz əmlaklarına, işğaldan azad olunmuş ərazilərdə yerləşən daşınmaz əmlak obyektlərinə münasibətdə xidmət haqqına 50% güzəşt tətbiq olunur. Bununla yanaşı, kənd təsərrüfatı, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar üzrə, eləcə də çoxmənzilli yaşayış binalarının inventarlaşdırılması üzrə tariflər azaldılıb. Sahəsi 1 000 kv.m-ə qədər olan əmlakların tariflərində də azalma tətbiq olunur. Yeni tariflərə uyğun olaraq, qeyri-yaşayış sahələri üzrə xidmətlərdə xərclər azalır.

Tarif (qiymət) Şurasının qərarına əsasən, tariflərin sayı 79-dan 60-a endirilib, qanunvericiliyə dəyişikliklər nəticəsində yaranmış yeni doqquz xidmət üzrə tariflər müəyyənləşdirilib, 21 tarif mövcud səviyyədə saxlanılıb, xidmət göstərilmədiyi üçün 29 tarif ləğv edilib, beş tarif alt qruplara keçirilərək ümumiləşdirilib. Xidmət sayının optimallaşdırılması bir sıra istiqamətlər üzrə xidmət haqqının aşağı salınmasına və ya tamamilə ləğv edilməsinə imkan yaradıb. Həmçinin, yaşayış sahələrinin qeyri-yaşayış sahələri hesabına çarpaz maliyyələşdirilməsinin aradan qaldırılması məqsədilə müvafiq tariflərə dəyişikliklər edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir