Cəmiyyət

Qərblə Rusiya arasında qalan İrəvan: Qarabağ ermənilərinə silah yox, çörək lazımdır – ŞƏRH

Sharing is caring!


Avropa İttifaqının Qarabağdakı ermənilərə humanitar yüklərin daşınması üçün əlavə yol təşəbbüsü görünür ki, Rusiyada qısqanclıqla qarşılanıb. Bundan əlavə, yola Azərbaycanın nəzarət etməsi Xankəndidə yaşayan ermənilərin sayı və vəziyyəti barədə reallığı ortaya qoyacağını göstərir.

“Report” xəbər verir ki, ukraynalı siyasi və iqtisadi şərhçi Svetlana Kuşnir “Senzor.net” bloqunda yazır ki, Qarabağda sülhməramlıların nəzarət zonasında öz mövcudluqlarını saxlayan erməni silahlıları hərəkətə keçərək, humanitar marşrutu bağlayıblar.

Görünən odur ki, silah təchizatının davam etməsi üçün Rusiya və qanunsuz hərbi qruplar Qarabağın erməni əhalisini ac qoymağa da hazırdırlar.

S.Kuşnir qeyd edir ki, Rusiya prezidenti Vladimir Putin Donbas, Cənubi Osetiya və Dnestryanı ssenarilərinə oxşar olaraq, Ermənistan-Azərbaycan münaqişəsini dondurmağa, Cənubi Qafqaz və Şərqi Avropada hərbi mövcudluğunu saxlamağa çalışır.

“Ermənistan və Azərbaycan arasında danışıqlar prosesində vasitəçi olan Avropa İttifaqı (Aİ) və ABŞ isə Cənubi Qafqazda sülh sazişinin tərəfdarıdır, lakin bu Rusiyaya sərf etmir, çünki bu, Putini regionda mövqelərindən məhrum edəcək və İrəvanın son olaraq Qərbə istiqamətlənməsinə töhfə verəcək”, – şərhçi vurğulayıb.

Şərhçinin məqaləsi Rumıniya, Bolqarıstan, Latviya, Ukrayna və Gürcüstanın nüfuzlu nəşrlərində dərc olunub.

Qeyd edək ki, Aİ Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən sonuncu görüşdə müzakirə edilən məsələlər sırasında Xankəndiyə Ağdam vasitəsilə humanitar yardımların çatdırılması olub. Azərbaycan tərəfi növbəti dəfə Qarabağdakı erməni sakinlərə qarşı humanizm nümayiş etdirib, onlara hərtərəfli dəstək verməyə hazır olduğunu ortaya qoyub. İndi isə bu təşəbbüsə qarşı ən kəskin reaksiyaların şahidi oluruq. Bu məsələdə yenə də Rusiya öz maraqlarından çıxış edərək sülhməramlıların xeyir-duası ilə Xankəndidə separatçı qüvvələrin etiraz aksiyalarına şərait yaradır.

Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının təchizatının da məhz Ağdam-Xankəndi yolu ilə təmin edilməsi paralel olaraq təklif olunur. Lakin Brüssel görüşündən sonra erməni tərəfi ruslarla birlikdə Azərbaycan tərəfinin təqdim etdiyi və ən optimal variant hesab edilən bu yolla Qarabağın erməni sakinlərinə humanitar yardımların çatdırılmasına qarşı çıxırlar. Yeri gəlmişkən, rəsmi Bakının təklif etdiyi Ağdamdan Xankəndiyə yol ən yüksək beynəlxalq standartlara cavab verən yoldur. Qısa və rahat yolla avtomobillərin sürətli hərəkəti təmin olunub. Bu yol üzərində müasir infrastruktur vasitələri mövcuddur. Yəni ermənilərin bununla bağlı hər hansı bir bəhanəsi ola bilməz.

Təəssüf doğuran hal ondan ibarətdir ki, Moskva və İrəvan bu məsələdə bir mövqedən çıxış edirlər. Həmin yolla həm Qarabağın erməni sakinlərinin, həm də Rusiya sülhməramlılarının təminat və təchizatı həyata keçiriləcək. Bu isə Xankəndidə əslində nə qədər erməninin yaşadığını ortaya çıxaracaq. Erməni və rus tərəfinə isə bu, birmənalı şəkildə sərf etmir.

Xatırladaq ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci ilin may ayında verdiyi üçtərəfli bəyanata əsasən, əgər 2025-ci ilin mayında tərəflərdən heç biri sülhməramlıların Qarabağdan çıxarılmasını tələb etməsə, o zaman onların ölkədə qalma müddəti daha 5 il uzadılacaq.

Moskvadan fərqli olaraq, Avropa İttifaqı Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıdır. Belə ki, Aİ Rusiyadan yan keçməklə, regional nəqliyyat marşrutları, xüsusən də Zəngəzur dəhlizi vasitəsilə Çinə birbaşa tranzit daşıyacaq. Bu, həm də Azərbaycana Aİ-nin enerji tərəfdaşı olmağa imkan verəcək və Avropada Rusiya yanacağının itkisini kompensasiya edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir