Cəmiyyət

Nəsimi Rayon İcra Hakimiyyəti çoxillik ağacları niyə məhv edir? – FOTO/VİDEO

Sharing is caring!


Paytaxtın Nəsimi rayonu, 4-cü mikrorayon, Mircəlal küçəsi, 10 ünvanında çoxillik ağaclar baxımsız qalıb. Vaxtında qulluq göstərilməyən, suvarılmayan ağaclar məhv olur.

Bu barədə Bizim.media-ya həmin ərazidə yaşayan sakinlər məlumat verib.

“Ağaclara qulluq edilmir və üzərlərini böcəklər basıb. Dibləri bellənmir, suvarılmır. Üzbəüz UNEC-in binasıdır. Biz 5 mərtəbəli binada yaşayırıq. UNEC-in binasının qarşısındakı ağaclar hər gün sulanır. Amma yaşadığımız 10 bloklu binanın həyətindəki ağaclar suvarılmır, susuzluqdan məhv olur.

2013-cü ildən bu ağacların suvarıldığını görməmişik. Ağacları binada yaşayan sakinlər suvarır. Hərə həyətə düşəndə 10 litrlik, 20 litrlik plastik su qablarında su gətirib ağacları suvarır. Amma bu yolla ağacları qoruyub saxlamaq mümkün deyil”, – deyə sakinlər bildiriblər.

Onların sözlərinə görə həyətdə olan su kranı da uzun müddətdir ki, bağlanıb. Bu səbəbdən ağacları suvarmaq mümkünsüz olub.

Sakinlər vəziyyətlə bağlı ərazi üzrə Mənzil İstismar Sahəsinə (MİS) müraciət etdiklərini bildiriblər:

“MİS-dən nümayəndələr gəldi. Şikayətlərimizi dedik. Bildirdilər ki, Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Azərsu”dan deyilib ki, həyətə kran çəkmək üçün sayğac qoysunlar. İstənilən halda çoxillik ağaclara dövlət tərəfindən qayğı göstərilməlidir. Yaşıllaşdırma Təsərrüfatı Birliyi və MİS bu ağaclara baxmalıdır”.

Məsələ ilə bağlı 77 saylı Mənzil İstismar Sahəsinin mühəndisi Maşallah Camalov bildirib ki, MİS sözügedən məsələyə cavabdeh deyil:

“Mənzil İstismar Sahəsi yalnız təmizlik işləri ilə məşğuldur. Ağacların budanması, sulanması və digər məsələlərlə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Yaşıllaşdırma Təsərrüfatı Birliyi məşğul olmalıdır. Sakinlər bizə də bir neçə dəfə müraciət ediblər. Ağacları sulamaq üçün ərazinin su problemi var. “Azərsu” oranı su ilə təmin etməlidir. MİS-in ağacları budamağa və ya qurumuş ağacları kəsməyə ixtiyarı yoxdur. Əks halda cərimələnəcəyik. Qaldı ki, su məsələsinə… Əgər köməkli orada su çəksək, “Azərsu” gəlib kranı ləğv edəcək. Çünki suya sayğac qoyulmalıdır. Yaxşı olar ki, sakinlər birbaşa Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət etsinlər”.

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllının sözlərinə görə bina həyətlərinə yalnız sayğacla su çəkilə bilər:

“Binaların qarşısında sahibsiz bulaqlar var idi. Bakı şəhərində təxminən 3000-dən çox belə bulağ və ya kranı ləğv etmişik. Hansı ki, o kranlardan gecə-gündüz su axırdı. Maşın, xalça və yun yuyulurdu. Bəzən isə boşuna su axıb gedirdi. Bu isə ciddi su itkisinə səbəb olurdu. Ona görə də biz bunun əksəriyyətini ləğv etmişik və bu istiqamətdə işlər davam etdirilir.

Amma təcrübə var. Yasamal və Xətai rayonlarından vətəndaşlar müraciət ediblər. Orada sayğac olsun və suyun dəyəri hesablansın. Belə olduqda binada yaşayan sakinlərdən birinin adına sayğac qoyulur və adına gələn suyun sərfiyyatı hesablanır. Qayda budur. Yəni bunu istənilən bina sakini edə bilər. Bir şərtlə ki, həmin sudan həyətdə olan “moyka”lara, kafe və restoranlara su verməsin. Əgər belə hallar olarsa, o su kranı yenə ləğv olunacaq.

Həyətlərdəki bulaqların ləğv olunmasına səbəb elə oradakı “moyka”lar, kafe və restoranlar idi. Bu qayda qeyd etdiyiniz ünvanda yaşayan sakinlərə də aiddir. İstəsələr, gəlib rəsmiləşdirsinlər və sayğacla həmin həyətə su çəkək”.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti və Nəsimi Rayon İcra Hakimiyyətinin müvafiq şöbələri ilə əlaqə yaratmaq mümkün olmayıb.

Ümid edirəm, cavabdeh qurumlar çoxillik ağacların quruyub sıradan çıxmasına vəsilə olmayacaqlar…

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir