Cəmiyyət

Təbii fəlakətdən zərərçəkmiş fermerlərə tezliklə ödənişlər ediləcək

Sharing is caring!


May və iyun aylarında Azərbaycanda müşahidə olunan güclü yağış, dolu, sel və daşqınlar nəticəsində təsərrüfatlara və əkin sahələrinə dəyən zərərlər üzrə yaxın vaxtlarda ödənişlərin verilməsinə başlanılacaq.

Bu barədə Oxu.Az-a Aqrar Sığorta Fondundan məlumat verilib.

Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov bildirib ki, 2023-cü ildə respublika üzrə 420 min hektara yaxın əkin ərazisi sığortalanıb:

“İlin əvvəlindən indiyədək əkin sahələrinə dəyən zərərlərlə bağlı fonda müraciətlərin sayı 7 minə çatıb.

Təkcə sel-subasma və yağışlar nəticəsində sığortalı fermerlərdən 1000-ə yaxın müraciət daxil olub. Bəzi fermerlərimizin əkin sahələri mövsüm ərzində bir neçə dəfə müxtəlif formada zərərə məruz qalıb – sahəyə dolu düşüb, güclü külək-fırtına olub və s.”.

Sədr onu da əlavə edib ki, ümumilikdə sığortalanan əkin sahələrinin 125-130 min hektarı müxtəlif dərəcədə zərərə məruz qalıb:

“Sığortalanan ərazilərin 125-130 min hektarına müxtəlif dərəcədə – tam və yaxud qismən ziyan dəyib. Həmin ərazilərdə təqribən 135 milyon manatlıq istehsal həcmi var ki, onlar tərəfimizdən sığortalanıb.

Hazırda əkin sahələrinə dəyən zərər qiymətləndirilir, sığorta hadisələrinin araşdırılmasına və zərərin hesablanmasına yerli və Türkiyədən gəlmiş ekspertlər də cəlb olunublar, proses tamamlandıqdan sonra təzminat ödənişlərinə başlanılacaq.

Qiymətləndirmə prosesini bu ayın sonuna qədər tamamlayacağıq. Düşünürük ki, artıq avqust ayının sonunda zərərin ödənilməsinə başlanılacaq. Fermerlərimizə bildirmək istəyirik ki, narahat olmasınlar, bütün sığorta hadisələri üzrə dəymiş ziyan qanuna uyğun olaraq dövlət tərəfindən qarşılanacaq. Bu, əlbəttə ki, yalnız sığortalanmış əkin ərazilərinə şamil olunacaq”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir