Cəmiyyət

Komitə sədri: “Son bir neçə ayda Naxçıvanda uşaq əməyinin istismarı hallarına rast gəlinir” – FOTO

Sharing is caring!


“Son bir neçə aydır ki, Naxçıvanda uşaq əməyinin istismarı halları ilə rastlaşırıq. Sahibkarlar uşaqları əmək fəaliyyətinə cəlb edirlər”.

“Report”un yerli bürosu xəbər verir ki, bu fikirləri “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib.

Dövlət Komitəsi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə qeyd olunub ki, muxtar respublikada uşaq hüquqları qorunur.

“Son 15 ilə yaxındır ki, burada cinayət məsuliyyətinə cəlb olunan uşaq yoxdur, erkən nikah məsələsi yox səviyyəsindədir. Bununla belə, son bir neçə aydır uşaq əməyinin istismarı hallarına rast gəlinir. Sahibkarlar uşaqları əmək fəaliyyətinə cəlb edirlər. Valideynlər də buna biganə yanaşırlar”, – R.Seyidova qeyd edib.

Bildirilib ki, Azərbaycan qanunvericiliyi uşaq əməyinin istismarını qadağan edir.

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Təhminə Mustafayeva qeyd edib ki, Naxçıvan şəhərində uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən obyektlərdə reydlər keçirilir. Qeyd edilən sahədə aşkar edilən qanun pozuntuları ilə bağlı müvafiq tədbirlər görülür.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli uşaq əməyindən istifadə hallarının qarşısının alınması, bu istiqamətdə qəbul edilən normativ hüquqi aktlar, uşaq əməyindən istifadə hallarında işəgötürənin hüquqi məsuliyyəti və qanunvericilikdə nəzərdə tutulan cərimələr barədə slaydlar vasitəsilə ətraflı məlumat verib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir