Cəmiyyət

Ölkədə altı ayın göstəriciləri sosial-iqtisadi islahat paketlərinin uğurlaicraolunduğunugöstərir

Sharing is caring!

Bildiyimiz kimi, cari ilin 11 iyul tarixindəPrezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə çıxış edən ölkə rəhbəri  qeyd edib ki, qlobal iqtisadiyyatın həssas olduğu bir dövrdə Azərbaycan iqtisadiyyatında artım müşahidə olunub. İqtisadiyyatın qeyri-neft-qaz sənayesində artım neft-qaz sənayesindəki artımı üstələyib. Bu sahədə əlavə dəyər 2023-cü ilin birinci yarımilliyində 6,5 faiz artıb. Ümumi olaraq qeyri-neft sektorunda 3 faizdən çox artım müşahidə edilib.

Bu il ölkənin sosial-iqtisadi inkişaf proqnozlarında neftin qiyməti hər barel üçün 50 ABŞ dolları nəzərdə tutulduğu halda, 2023-cü ilin ilk yarısında “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta qiyməti 82,84 ABŞ dolları təşkil edib. Bu artımla yanaşı, vergi və gömrük orqanlarında aparılan islahatlar və şəffaflığın təmin edilməsi nəticəsində 2023-cü ilin yanvar-may ayları ərzində vergi yığımları ötən illə müqayisədə 45 faiz və ya 2,6 milyard manatdan çox artıb. Bu isə öz növbəsində 2023-cü ilin ilk 6 ayında büdcə profisiti yaratmaqla büdcəmizi rekord həddə çatdırıb. Cari ilin ötən dövrü ərzində dövlət büdcəsinin gəlirlərinin proqnozlara qarşı əhəmiyyətli dərəcədə çox olması bu ilin dövlət büdcəsində əlavə maliyyə resurslarının yaranmasını və onların yenidən bölünməsini gündəmə gətirib. Bununla bağlı 2023-cü il iyunun 16-da “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun qəbul edilib. Sənədə əsasən, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin təsdiq olunmuş 33353,3 milyon manat məbləğində xərcləri 3271,5 milyon manat və ya 9,8 faiz artırılaraq 36624,8 milyon manata çatdırılıb.

Dürüstləşmə ilə 2023-cü il üçün təsdiq olunmuş büdcəyə 3 milyard manatdan çox vəsait əlavə olunub. Əlavə vəsaitin əhəmiyyətli hissəsi Azərbaycan Respublikasının işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclərə, müdafiə xərclərinə yönəldilib. Əlavə olunan 3 milyard manatın 1,8 milyard manatı işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərinə, 1,1 milyard manat isə hərbi gücümüzün artırılmasına yönəldilib. Dövlət büdcəsinə edilən son dəyişikliklərlə işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinə ayrılan vəsait 4,8 milyard manata, müdafiə və milli təhlükəsizlik xərcləri isə 6,05 milyard manata qaldırılıb. Bu isə hökumətin əsas prioritetinin əhalinin həmin ərazilərə qısa müddətdə geri qaytarılması və ölkə təhlükəsizliyinin təmini olması olduğunu göstərir.

Post-pandemiya dövründə həyata keçirilən bir sıra layihələr nəticəsində 2023-cü ilin yanvar-may aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə nəqliyyat sektorunda yükdaşımaların həcmi 6,8 və sərnişindaşımaların həcmi isə 19 faiz artıb. Bu artım həm də son dövrdə Azərbaycanın beynəlxalq logistika və nəqliyyat mərkəzinə çevrilməsi ilə əlaqədardır. Dünyada baş verən bir sıra hadisələr, o cümlədən Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar olaraq, əvvəllər Şimal dəhlizi ilə daşınan yüklərin Orta dəhlizəyönləndirilməsi ölkəmizin tranzit ölkə kimi nüfuzunu daha da artırıb. Yeni nəqliyyat marşrutlarının açılması ölkəmiz üçün də yeni imkanlar açır. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının genişləndirilməsi ilə dəniz nəqliyyatı sahələri və xüsusən gəmiqayırma sənayesi hökumətin əsas diqqət mərkəzində olan sahələrdəndir. Bu sahədə aparılan islahatlar və qoyulan sərmayələr yaxın dövrdə dəniz yolu ilə yüklərin daşınmasını əhəmiyyətli dərəcədə artıra bilər.

Qaraş Alışov,

Salyan rayonu üzrə Maliyyə şöbəsinin rəisi, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir