Cəmiyyət

İşğaldan azad olunmuş ərazilərdə epizootoloji monitorinqlər davam etdirilir – FOTO

Sharing is caring!


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad statusun alınması məqsədilə xüsusi epizootiya əleyhinə tədbirlərin yerinə yetirilməsi üçün vəhşi gövşəyən heyvanların rast gəlindiyi yaşayış arealları üzrə epizootoloji monitorinqlərə start verib.

Bu barədə AQTA-dan məlumat verilib.

Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin ərazi üzrə əməkdaşları və mütəxəssisləri iştirak edirlər.

Monitorinqlər Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti tərəfindən tərtib olunmuş məlumatlara istinadən vəhşi gövşəyən heyvanların rast gəlindiyi yaşayış areallarında keçirilir.

Eyni zamanda Naxçıvan Muxtar Respublikasının ərazisindəki Milli Park və dövlət təbiət yasaqlıqlarında, həmçinin işğaldan azad olunan Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd rayonlarının ərazisində həyata keçirilir. Artıq Kəlbəcər rayonunun Murovdağ silsiləsi, Sarı yer, Alagöllər, Qara Arxac yaylaqları, Laçın rayonu ərazisində Şəlvə, Qorçu, Ərikli kəndləri və digər ərazilər monitorinqlə əhatə olunub.

İyulun 3-də başlayan monitorinqlər ayın 8-dək davam edəcək.

Monitorinqlər çərçivəsində müşahidə aparılan ərazilər barədə məlumatlar “Epicollect 5” proqramına daxil ediləcək. Müvafiq ölkə hesabatı yenidən tərtib edilərək Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim olunacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir