Cəmiyyət

Qələbənin əldə olunmasında Azərbaycanın töhfəsi böyük olmuşdur

Sharing is caring!

       9 May Qələbə günü Azərbaycan tarixində mühüm əhəmiyyət kəsb edir. Faşizm Almaniya və İtaliyada yaranmışdır. 9 May günü isə həmin faşizm üzərində qazanılan qələbəni qeyd etmək məqsədi daşıyır.

1941-ci ildə Azərbaycanda hərbi səfərbərlik ümumxalq hərəkatına çevrildi. Minlərlə oğlan və qız hərbi komissarlıqlara ərizə ilə müraciət edərək cəbhəyə getdilər. İlkin dövrdə təqribən 40 min adam könüllü surətdə əsgər köynəyi geyindi, təqribən 200 min adam xalq qoşununa yazıldı. Ümumiyyətlə, müharibə illərində 11 mindən artıq qadın səfərbərliyə alındı, 260 min nəfərə qədər evdar qadın, təqaüdçü, yeniyetmə istehsalata gəldi. Hərbi hissələr üçün 15 min tibb işçisi və sanitar drujinaçısı, 750 rabitəçi, 3 min sürücü hazırlandı. Azərbaycan SSR ərazisində 87 batalyon, 1123 özünümüdafiə dəstəsi, həmçinin 77-ci, 223-cü, 227-ci, 242, 271-ci, 392, 394 396-cı, 402-ci, 414-cü və 416-cı milli diviziyalar formalaşdırıldı.

Azərbaycan xalqının ümumilikdə 600 mindən çox oğul və qızı1941-1945-cı illərdə İkinci Dünya müharibəsində iştirak edib.Müharibə illərində göstərdikləri igidliyə görə 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdənformalaşdırılan 77-ci, 223-cü, 271,396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər. Həmin müharibədə 3600 cəlilabadlı cəbhəyə yollanmış, onların yarıya qədəri ağır vuruşmalarda həlak olmuş və itkin düşmüşdür.

       Ulu öndər Heydər Əliyev müharibə veteranlarının xidmətlərini çox yüksək qiymətləndirərək deyirdi: «Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin, Böyük Vətən müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir namuslu Azərbaycan vətəndaşının borcudur». Sevindirici haldır ki, Ümummilli Liderin bu siyasi kursu onun layiqli varisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Razi Məmmədov,

Lənkaran-Astara Regional Təhsil İdarəsi

Cəlilabad şəhər 8 nömrəli tam orta məktəbində müəllim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir