Cəmiyyət

Britaniya nəşrində Azərbaycanın dağıdılmış məzarlıqları və şəhərləri barədə məqalə dərc edilib

Sharing is caring!


Britaniyanın nüfuzlu “Express” nəşrində jurnalist Con Varqanın “Onlar hər şeyi məhv ediblər: Azərbaycan “Hirosima”sının dağıdılmış torpaqlarında” sərlövhəli məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalənin müəllifi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə iki günlük səfəri zamanı gördüklərini təsvir edir.

Con Varqa Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanovun sözlərini sitat gətirir: “Biz nifrətin bu dərəcədə olacağını gözləmirdik. Onlar hər şeyi məhv ediblər”.

Müəllif ermənilərin tərk etdiyi müdafiə mövqelərinin, dağıdılmış kəndlərin və vaxtilə həyatın qaynadığı şəhərlərin, murdarlanmış məzarlıqların, ölümsaçan minalarla dolu yüz kilometrlərlə ərazinin yanından keçərkən müşahidə etdiyi, işğal dövründə bərbad vəziyyətə salınmış landşaft barədə söhbət açır.

Hər tərəf dağıdılıb, boş qalıb, lakin bu dağıntıların yalnız az bir hissəsi hərbi əməliyyatların nəticələridir. Əksər hallarda bunlar həmin ərazilərdə Azərbaycan xalqının olmasının və onun mədəniyyətinin hər hansı izlərini yox etmək məqsədilə qəsdən törədilmiş əməllərdir.

Məqalədə deyilir: “Vaxtilə Qarabağ ipək və toxuculuq malları istehsalı, parlaq naxışları ilə diqqəti cəlb edən Qarabağ xalçaları ilə məşhur idi. Qarabağın rəmzlərindən biri olan məşhur Qarabağ atları da burada yaşayır. Keçən ilin may ayında belə atlardan birini Britaniyanın məhrum kraliçası II Elizabetə hədiyyə etmişdilər”.

Müəllif xatırladıb ki, “Newsweek” jurnalının 16 mart 1992-ci il tarixli nömrəsində Azərbaycanın Xocalı şəhərində mülki şəxslərin erməni qoşunları tərəfindən kütləvi şəkildə qətlə yetirilməsi barədə xəbər dərc edilmişdi. Həmin məqalədə deyilirdi ki, bu insanların çoxu qaçıb xilas olmağa cəhd edərkən yaxın məsafədən güllələniblər. Bəzilərinin sifəti eybəcər hala salınıb, başqalarının başının dərisi soyulub. Təqribən 600.000 azərbaycanlı Qarabağda öz evlərini tərk etməyə məcbur olub və məcburi köçkün vəziyyətinə düşüb. 2020-ci il sentyabrın axırlarında Azərbaycan işğal altında olan ərazilərini azad etməyə başladı. 2020-ci il noyabrın 9-da Moskvanın vasitəçiliyi ilə barışıq əldə edildi, nəticədə Qarabağın çox hissəsi Azərbaycanın nəzarəti altına qaytarıldı.

Con Varqa yazır: “Qarabağdakı ermənilərin liderləri bu ermənilərin müstəqillik hüququna malik olmasında israr etmələrinə baxmayaraq, BMT Təhlükəsizlik Şurası bu əraziləri Azərbaycanın qeyd-şərtsiz tərkib hissəsi kimi tanıyıb”.

Müəllif sonda əlavə edir ki, hazırda iki tərəf arasında gərginlik yüksək səviyyədədir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir