Cəmiyyət

2000-ci ilin zəlzələsinə dözən freskalı bina təhlükədə: “Bakılıları niyə didərgin salırlar?” – FOTOREPORTAJ

Sharing is caring!


Bakının “Kubinka” adı ilə tanınan məhəlləsində, Cəlil Məmmədquluzadə 50-52, Sübhi Salayev 54-68 ünvanında yerləşən 1912-ci ilə aid freskalı tarixi bina sökülmək təhlükəsi ilə üz-üzədir.

Ətrafda yerləşən bir neçə bina artıq sökülmək üçün hasara alınıb və növbə həmin tarixi yaşayış binasına da çatıb. Bununla bağlı Oxu.Az-a müraciət edən sakinlər “RR contruction” şirkəti tərəfindən söküntü işlərinin həyata keçiriləcəyini iddia ediblər. Sakinlərin bir hissəsi binanın sökülməməsini, bərpa edilərək, tarixi bina kimi əhəmiyyətini saxlamasını istəyirlər.

Müraciət edən bina sakinlər arasında Sevda Paşayeva və qohumları da var. Sevda xanım əməkdaşımızla söhbətində qeyd edir ki, binada yaşadıqları ev onun qayınatasının babasına aid mülkdür. Həmin binada məskunlaşanların əksəriyyəti isə bir-birinə qohumdur və uzun illər nəsildən-nəslə ötürülən irs sayəsində yaşadıqları binanı qoruyub-saxlaya biliblər:

“Biz həyat yoldaşımla uzaq qohum olmuşuq. Nənə-babamdan eşitdiklərimdən bilirəm ki, bolşevik hakimiyyəti Bakıda bərqərar olanda bizim ulu babamız Paşa kişiyə məxsus bu binadakı evini və bunun kimi digər bir neçə evi hökumət zorla alıb. Sovet dövründə isə daha pis olub. Binaya rusları, sonradan erməniləri köçürüblər, həmin ailələr binaya baxmayıblar, əksinə, yararsız vəziyyətə salıblar. Artıq binanın tavanı dağılıb, yağış suları buranı pis duruma salıb.

Biz öz evimizi bərpa etmişik, qorumuşuq, amma elə ailələr var, sonradan köçüblər, yenicə yerləşiblər və təmir üçün imkanları yoxdur. Amma çox ailə buranın satılmasını istəmir. Freskalı hissə bərpa oluna bilər, yaşayış üçün yararlı vəziyyətə gətirib, tarixi bina kimi qoruna bilər. Bunun kimi binalar Bakının tarixi şəhər olduğunu sübut edir. Bunları məhv etsək, tariximizdən nə qalar?”

Sevda xanım qeyd edir ki, evini satmaq istəməyən sakinlər narahatlıq içərisindədirlər:

“Öz evimizdə qaçqın kimi qalmışıq. Mənim özümün uşaqlığım İçərişəhərdə keçib. Həmin binaların necə bərpa edildiyini gözlərimlə görmüşəm. O vaxtlar memarlar, ustalar əllərində fırça ilə gəlib, divarları bir-bir yoxlayırdılar, naxışları, işləmələri üzə çıxarırdılar, bərpa edirdilər. Bakı tək İçərişəhərdən ibarət olmayıb. “Kubinka”dakı binaların da əksəriyyəti qədimidir. Çoxunu sökdülər, heç nə qalmadı. Bizim binamızın balkonundakı işləmələri, gümbəzləri, pəncərələri də söküb, oğurladılar. Bəzilərini gəlmə sakinlər qoparıb satdılar.

2000-ci ildə Bakıda güclü zəlzələ olanda binamıza yaxın yerləşən beşmərtəbəli binanın sakinləri küçəyə axışmışdılar. Biz isə evimizin içində zəlzələni hiss etməmişdik. Baxın, Türkiyədə zəlzələ olanda ən çox yeni tikilən binalar dağıldı. İndi Bakını yeni, keyfiyyətsiz binalar tikərək, o hala salmaq istəyirlər. Biz buna imkan verməyəcəyik.

Neçə nəsil bu binada yaşayıb, uşaqları, nəvələri, nəticələri hamısı bir-birini tanıyıb. Belə köklü bakılıları ayrı-ayrı ərazilərə dağıtmaqla nə əldə etmək olar ki? 1912-ci ildə tikilən bu binanı sökməsələr, bərpa edib qorusalar, hələ bir 100 il də binamız ayaqda qalar”.

Bina sakini evinin içərisini də bizə göstərir. O, qədimdən qalan işləmələri evinin içərisində də qoruyub-saxlamağa çalışdığını deyir:

“Bizim balkonumuza baxan otaq, balkonun özü, otağın içərisindəki əşyalar hər biri qorunub. Biz təmir edəndə evin içərisindəki kamini, naxışları, tavanı – bacardığımız qədər hər şeyi saxladıq. İndi gəlib deyirlər ki, binanı sökək. İllərdir buranı qorumuşuqsa, bərpa edib, saxlamaq niyə çətin olmalıdır ki? Köhnə Bakı haqqında filmlər çəkiləndə bu əraziyə gəlirlər, maraqlı bina, həyət tapan kimi sakinlərlə danışıb, razılıq alırlar ki, çəkiliş etsinlər. Bizimlə qonşu olan həyətdə “Qaragöz” filmi çəkilib. Bildiyim qədəri ilə “Şərikli çörək” filmi də “Kubinka”dakı digər məhəllələrdə çəkilib. Bu irsi itirməmək üçün çalışmalıyıq”.

Sakinlərin etirazı ilə bağlı adıçəkilən “RR Constructions” MTK ilə əlaqə saxladıq. Şirkətin sakinlərlə iş üzrə məsul əməkdaşı həmin binanın sakinlərinin 70 faizindən satışla bağlı razılıq alındığını diqqətə çatdırıb:

“Biz tarixi binaları sökmürük, onlara dəymirik. Bu barədə yetərincə açıqlama, müsahibə vermişik. Sakinlər etiraz edirlər. Bunu bilirik”.

Təəssüf ki, cəhdlərimizə baxmayaraq, MTK-dan əlavə məlumat, dəqiqləşdirmə ala bilmədik. Suallarımızı cavabsız qoyan şirkət əməkdaşı daha artıq danışa bilməyəcəyini qeyd edərək, dəstəyi asdı.

1912-ci ildə tikilmiş binanın tarixi bina kimi təsdiqlənib-təsdiqlənmədiyini dəqiqləşdirmək üçün Mədəniyyət Nazirliyinə də sorğu ünvanladıq. Nazirlikdən məsələ ilə bağlı araşdırılma aparılacağı, məlumat veriləcəyi qeyd edildi. 

Daha çox foto burada: PhotoStock.az

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir