Cəmiyyət

Binəqədidə zibil poliqonunu xatırladan ərazi: Cavabdeh kimdir? – AÇIQLAMA + FOTO

Sharing is caring!


Sakinlərin antisanitar vəziyyətdən şikayət etdikləri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 8-ci korpus deyilən ərazinin “sahibi” tapılıb. Sahibi olan ərazinin bu dərəcədə çirklənib az qala zibil poliqonuna çevrilməsi isə ayrı bir müzakirə mövzusudur. Məsələ ictimailəşməsə, əraziyə cavabdeh olan qurumlar və ya şəxslər onunla maraqlanmayacaqdılar?

Oxu.Az-ın əməkdaşı vətəndaşların şikayətinin izi ilə sözügedən ərazinin təmizlənməsinə cavabdeh qurumu tapmaq üçün Binəqədi Rayon İcra Hakimiyyətinə sorğu ünvanlayıb. Sorğumuza cavab olaraq bildirilib ki, məsələyə nəzarəti Binəqədi qəsəbə bələdiyyəsi həyata keçirir.

Binəqədi qəsəbə bələdiyyəsinin sədri vəzifələrini icra edən Rəşad İsayev Oxu.Az-a açıqlamasında deyib ki, sözügedən ərazi onların sayılmasa da, hazırda bələdiyyənin canlı qüvvəsi orada çalışır:

“Sözügedən 22 hektarlıq ərazi 4 saylı Evtikmə Kombinatının nəzdində olub. Daha sonra Müdafiə Sənayesi Nazirliyinə verilmişdi, hazırda isə bildiyimiz qədər, xüsusi mülkiyyətə verilib. Biz hüquqi şəxslərlə işləyə bilmirik, bizə məlumat vermirlər. Biz bələdiyyə olaraq fiziki şəxslərlə işləyirik. Hətta sizə deyim ki, bələdiyyə olaraq biz hasardan içəri keçə bilmirdik. Amma yenə də inzibati ərazi bizim olduğuna görə və sözügedən ərazidə bizim sakinlərimiz yaşayırlarsa, səlahiyyətlərimiz çərçivəsində vətəndaşlarımıza əlimizdən gələn xidməti göstərməyə çalışırıq.

Ərazinin məişət tullantılarından təmizlənməsi hansı qurum tərəfindən həyata keçiriləcəksə, Binəqədi bələdiyyəsi öz canlı qüvvəsini bu işə cəlb edəcək. Hazırda orada, bildiyim qədər, Əmlak Məsələləri Dövlət Xidmətinin texnikası işləyir. Bizim də canlı qüvvəmiz ərazidə görülən təmizlik işlərinə yardım edir”.

Daha çox foto burada: PhotoStock.az

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir