Cəmiyyət

Xudatda yeddi ailə iki aydır işıqsız qalıb: Vətəndaşdan pul tələb edilib? – AÇIQLAMA + FOTO

Sharing is caring!


Xaçmaz rayonu Xudat kəndində sakinlər yararsız vəziyyətdə olan transformatorun dəyişdirilməsini tələb edirlər.

Bu barədə Oxu.Az-ın redaksiyasına daxil olan şikayətdə qeyd edilir. Vətəndaş deyir ki, mövcud problem səbəbindən yeddi ailə iki aydır ki, elektrik enerjisinə həsrət qalıb:

“Bildiyimiz qədər, 2015-ci ildən yaşayış ərazilərinə bu cür enerji paylama gücü zəif olan transformatorlar qoyulmur. Bu transformatorlar sakinlərin tələbatını ödəyə bilmir. Yaxınlıqda daha 30-40 ev yeni tikilib. Heç bu transformator bütün ailələri elektrik enerjisi ilə təmin etmək qabiliyyətində olmayacaq. Problemlə bağlı bizi Xaçmaza, Yelmar müəllimin yanına göndərdilər. O da dedi ki, həmin transformatorun qiyməti 2 900 manatdır. İki min manat da fəhlə pulu, quraşdırılma daxil ödəniş edilməlidir. Bizə dedi ki, təxminən 8 500 manat pul edir, gedin “ASAN xidmət”ə müraciət edib, məbləği hesaba köçürün, gələk düzəldək.

Biz həmin transformatoru özümüz düşürdük, ustaya apardıq ki, bəlkə, düzələr. Ustalar deyirlər ki, içi yanıb, çürüyüb, yenisi alınmalıdır. Bizə icazə vermirlər ki, yeni transformator quraşdıraq. İcazə üçün altı min manat pul istəyirlər. Transformatorun da qiyməti 2 000 manata qədərdir. İmkan yoxdur o qədər məbləğ yığılsın, ödənilsin. İki aya yaxındır ki, işıqsız qalmışıq, bir çarə edən yoxdur”.

Məsələ ilə bağlı “Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Vaqif Aydınoğlu Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, vətəndaşın səsləndirdiyi ittihamların heç bir əsası yoxdur:

“Həmin transformator özəldir. Bu səbəbdən ilk olraq “ASAN Kommunal”a müraciət etməlidirlər. Bundan sonra dövlət rüsumu əsasında transformatorun əvəz olunması və ya təmir edilməsinə dair qərar verilə bilər. Bu proseslər aparılmamış hər hansı rəqəmin söylənilməsi mümkün deyil.

Özəl transformator olduğu üçün qurumun həmin şəxsi transformatora müdaxilə etmək hüququ yoxdur. Yalnız vətəndaşın rəsmi müraciətindən sonra transformatora baxış keçirilə bilər”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir